- Hansı rəngi sevirsən?
- Portağal rəngini.
Bu balaca qız Azərbaycan Uşaqlar Birliyi Reabilitasiya Mərkəzində yaşayır. İki hörüyü, iri qara gözləri olan bu qızın anası ruhi xəstəxanadadır. Mənimlə danışmağa həvəs göstərmədi. Diqqətlə gözlərinə baxanda kiməsə güvənmədiyi hiss olunurdu.
Anası bir daha onu buradan aparmağa gəlməyəcək... Bəlkə də bunu sövqi-təbii anladığından bikefdir.
Azərbaycan Uşaqlar Birliyi sığınacağının rəhbəri Kəmalə Ağazadə ilə söhbətləşmək üçün ikinci mərtəbəyə qalxdıq. Pilləkənləri çıxdıqca aşağı, salona göz gəzdirdim - uşaqlardan kimisi oyun oynayır, kimisi də sakitcə oturub baxır. Burda həyat bir nizama tabedir...
1000-dən çox uşağın taleyi
Kəmalə Ağazadə deyir ki, 9 il bundan əvvəl uşaqlar üçün Günərzi Mərkəzi fəaliyyət göstərməyə başlayıb: “Bu mərkəzdə biz 2007-ci ildən zərərin azaldılması proqramını icra edirdik. Proqrama uyğun olaraq küçə uşaqlarına hüquqi, psixoloji yardım göstərir, eyni zamanda tibbi müayinələrə istiqamətləndirmək üçün iş aparırdıq.
2010-cu ildə zərurət yarandı ki, küçədə qalmış, eyni zamanda məişət zorakılığı ilə üzləşmiş uşaqlar üçün sığınacaq açılsın. Beləliklə, hazırkı sığınacaq fəaliyyətə başladı. Ötən 6 il ərzində sığınacağımızda 1000-dən çox uşaq yaşayıb. Vərəm, onkoloji xəstə, toksikoman uşaqlarımız olub. Belə diaqnozlu uşaqların olması təəccüblü deyil, çünki onlar küçədə yaşayırlar.
Bizim sığınacağa əsasən yerli polisin aşkarladığı uşaqlar gətirilir. Onlar müayinə olunur və yerləşdirilirlər”.
“Həqiqətənmi zəng vuran nənəm idi?”
Hazırda sığınacaqda 14 uşaq qeydiyyatdadır. Onlardan 3 nəfəri xəstəxanadadır. Sığınacağın ən balaca sakin 8 aylıq qızdır.
Siğinacaq rəhbəri deyir ki, istisna hallarda bura valideynləri də qəbul edirlər: “Himayəsində 7 yaşına qədər kiçik uşaq varsa, biz anaları da qəbul etməli oluruq. Onlar iki ay burada qala bilirlər. Təəssüf ki, işləri iki ay müddətində tamamlaya bilmirik. Çünki reabilitasiya dövründə sənədləşmə, ailə ilə barışdırma mərhələsində əlavə vaxt lazım olur ki, bu müddət 1 ilə kimi çəkir.
Valideynlərin davranışlarında, uşaqların təhlükəsizliyi ilə bağlı hansısa bir problem yarananda onu aktlaşdırır və onları buradan uzaqlaşdırırıq”.
Sığınacaqda mediaya həyat hekayəsi çıxmış Mişa ilə də rastlaşdıq. O bir ildir burdadır...
Kəmalə Ağazadənin sözlərinə görə, bu uşaq Rusiya vətəndaşıdır: “Mişanı valideynləri evdən qovandan sonra anbarda qalıb. Hava soyuq olduğu üçün ayaq barmağı qanqrena olub. Buna görə uşağın bütün barmaqlarını amputasiya etdilər. Mişa tək əlil arabasında hərəkət etməyə məcbur idi. İndi yaxşıdır”.
Söhbət zamanı Mişanın nənəsi ilk dəfə Kəmalə Ağazadəyə zəng edib, uşaqla danışmaq istədiyini bildirdi. Uşağa nənəsinin zəng vurub, onunla danışmaq istədiyini xəbər verəndə təkrar-təkrar soruşdu: “Həqiqətənmi nənəm idi zəng edən? Bir də nə zaman zəng vuracaq?..”
Sığınacaq rəhbəri deyir ki, Mişanın nənəsi ilə danışıqlar gedir: “Yəqin ki, nənəsi yaxın günlərdə onu buradan aparmağa gələcək. Artıq bir ildir Mişa bizimlə yaşayır. Bura pənah gətirənlərin sayı ildən-ilə artır. Burda bir xanım var. Ərindən çox əziyyət çəkib. Deyir, hər dəfə döyüləndə ürəyimdə deyirdim ki, sığınacağa gedəcəm, mənə kömək olacaqlar. Yüzlərlə belə qadınların dadına çatmışıq.
Mənim qəyyumluğumda 16 uşaq olub. Onlardan ailə quranı, universitetdə oxuyanı var. Hazırda 6 uşaq qəyyumluğumdadır. Məhkəmə prosesləri olduğu üçün elə Mişanın özü də mənim qəyyumluğumdadır”.
“Bizi anamıza, atamıza verməyin”
Kəmalə Ağazadə deyir ki, küçə uşağı deyəndə çox adamın ağlına evi-eşiyi, kimsəsi olmayan uşaqlar gəlir: “Heç də elə deyil. Vaxtının çoxunu küçədə keçirən uşaq artıq küçə uşağı hesab olunur. Bizim küçələrdə 6 işçimiz, 13 könüllülər qrupumuz var. Onlar küçə uşaqları ilə iş aparırlar. Toksik maddə iyləyən azyaşlılar, cinsi yolla keçən xəstəliklərə yoluxmuş yeniyetmə qızlar-oğlanlar var ki, onların müalicəsi, müayinəsi üçün xəstəxanalara göndəririk. Ən azından işçilərimiz onlara göstərişlər verib istiqamətləndirirlər.
Küçə uşaqlarının statistikası uyğun gəlmirsə, o demək deyil ki, Daxili İşlər Nazirliyi onların sayını gizlədir. Etiraf edək ki, əvvəlki illərlə müqayisədə küçə uşaqlarının sayı azalıb. Azərbaycanda küçə uşağı çox deyil. Valideyn məsuliyyətsizliyi ucbatından nəzarətdən çıxmış uşaqlar var”.
Bəs görəsən, niyə onlar əsasən Bakıda məskunlaşırlar?
Kəmalə Ağazadənin fikrincə, rayonlardan çıxan uşaqlar düşünürlər ki, paytaxtda iş, məşğuliyyət tapa biləcəklər: “Uşaqlar nə qədər nəzarətdə saxlanılsa küçə uşaqlarının sayı o qədər az olar. Azərbaycanda küçə uşaqları əsasən qaraçılardır. Onlar Yevlax, Qazax və digər rayonlardan gəlirlər.
Sığınacağa pənah aparan uşaqlar yalvarırlar ki, bizi anamıza, atamıza qaytarmayın”.
“Qu tükündən yataq açılsa belə...”
Sığınacağın sosial işçisi Emin Pənahov deyir ki, küçə uşaqlarına diqqətlə davranmaq lazımdır: “Çünki onlar adət etdiyimiz uşaqlar kimi deyillər. Bəziləri toksik maddə qəbul edir, iyləyirlər. Artıq 5 ildir sosial işçi kimi çalışıram. İndi onlarla küçədə işləmək mənə daha asan gəlir, çünki zaman-zaman davranışlarını öyrənmişəm. 5 ildə 1000-dən çox küçə uşağı ilə işləmişəm.
Onlar ilk söhbətdə valideynlərinin öldüyünü bildirirlər. Araşdıranda bunun yalan olduğu bilinir. Sığınacağa gələn zaman aqressiv davranırlar, ən əvvəl onları psixoloqa yönləndiririk”.
Fariz (ad şərtidir) deyir ki, uzun müddət küçədə yaşayıb: “Atam içir, evə gəlib anamı da, məni də döyürdü. Bir gün evdən qaçıb küçələrdə yaşamağa başladım. Atam-anam yadıma düşəndə “kley” iyləyirdim. “Kley”i iylədikdə nə mənə soyuq olurdu, nə də atam-anam yadıma düşürdü”.
Kəmalə Ağazadə ofisdə dəfələrlə oğurluq baş verdiyini söyləyir: “Eşidirik ki, filan uşaq aparıb. Çağırıb soruşanda deyir ki, Kəmalə xala, neynəyim, pulum yoxdu, küçəyə gedəndən sonra acından ölnməliydim? Pulum olanda qaytaracam.
Küçədə çirklənsələr də, qoxusalar da, üşüsələr də, burda qu tükündən yataq açsaq belə, yenə küçədə yaşamağa can atırlar. Çünki onların şüurunda sərbəstlik formalaşıb”.
Dayə yanında atılanlar
Sığınacaqda uşaqlar üçün dərmanlar, körpə uşaq üçün yeməklər, 8 soyuducu və dondurucu var.
Kəmalə Ağazadənin sözlərinə görə, Azərbaycan Uşaqlar Birliyinə xeyriyyəçilər də kömək göstərirlər: “Yardım edə bilərlər, amma biz pul vəsaiti qəbul etmirik. Birliyimizdə çarpayılar çatmır. Uşaq çox olanda təlim salonundan yataq otağı əvəzi istifadə olunur. Hər gün uşaqların paltarları yuyulur. Paltar sərilən ip bir gün də boş olmur, hər həftə otaqların divarları yuyulur”.
Uşaqların burada ən azı bir il qala biləcəyini deyən Kəmalə Ağazadə əlavə edir ki, uşaq var illərlə sənədləri tapılmır: “Özbəkistan, Rusiya, Ukraynadan uşaqlarımız olub. Valideynlər uşaqlarını qoyub gedəndə deyir ki, qurban olub, 1 həftə, 10 gün baxın, qayıdıb götürəcəm. Sonra polislə uşağın ailəsini axtarırıq. Uşaqların əksəriyyəti dayə yanında atılıb gedənlərdir”.
“Doğum haqqında sənədləri yoxdur”
Sığınacağın hüquqşünası Fariz Əkbərov deyir ki, buradakı uşaqların sənədlərində natamamlıq olur: “Çoxusunun doğum haqqında sənədi yoxdur. Əsas işimiz onların sənədlərinin təmin olunmasına kömək etməkdir”.
Sığınacağa hər gün müraciət olduğunu vurğulayan Kəmalə Ağazadə bildirir ki, artıq sığınacaqların bir növ müdafiəsinə qalxmağa məcbur olublar: “Azərbaycanda sığınacaq azdır. “Təmiz Dünya” İctimai Birliyi, Azərbaycan Uşaqlar Birliyi, Gəncədə “Təmas” Təşkilatı, Azərbaycan Miqrasiya Mərkəzindəki kiçik bir sığınacaq, Sumqayıtda Günərzi qadınlar üçün sığınacaq mərkəzi ilə birlikdə ümumi fəaliyyəti koordinasiya etmək üçün müqavilə imzaladıq. Hər şeyi dövlətin üzərinə qoymaqla QHT rəhbərləri özünü kənara çəkməməlidir”.
İlhamə ƏBÜLFƏT