10 May 2016 16:45
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq şairi Musa Yaqubun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Musa Yaqubun qızı Səhər Musazadə atasını sosial şəbəkə vasitəsilə özünəməxsus şəkildə təbrik edib.

“Heçimi, köçümü indi bilmişəm,
İndi bilməyim də gec imiş demə...

Yoldaşımın işi ilə bağlı Şamaxıda yaşamalı olduq... 30 yaşım orda tamam oldu... Özümə də elə 30 yaşım qədər yaxın idim onda...

O vaxtlar rayonda qaz yox idi, işığı da fasilə ilə verirdilər. Mən də peç qalaya bilmirdim.. Yoldaşım işdən adam göndərirdi, o, qalayırdı, o, gedəndən sonra mən də sönməsin deyə dayanmadan peçə odun atırdım. Bir aya bəs edən odunları iki həftəyə yandırırdım.

Uşaqlar balaca idilər. O da evə demək olar ki, çox gec gəlirdi. Heç kəsi tanımırdım hələ. Sonra qonşular bir-bir gəlib mənimlə tanış oldular.

Dədəmi o vaxt çox incitdim, elə bir ayağı Şamaxıda qaldı.

Axşamlar işıgı tez söndürürdülər, uşaqları yatırdıb lampa işığında könlümcə olan şeirləri, mahnıları oxuyurdum. Mənə həyan olsun deyə öz adımı çağırırdım...

Qaldığımız evin həyətə çıxan pilləkənindən Sabirin heykəli görünürdü. O daş ən yaxın sirdaşım oldu orda. Axşamlar pilləkəndə oturub saatlarla söhbət edirdim onunla. Elə səbrlə dinləyirdi məni, ruhunu hiss edirdim...

Mən ona baxanda elə bil gözləri gülürdü. Gündə neçə dəfə evə girib-çıxırdımsa o qədər də başıyla mənə salam verirdi. Onu ancaq mən görürdüm.

Orda yaşadığım günləri öz adım kimi, bir də onun kimi heç kəs bilmir.

May ayı idi. Hər il olduğu kimi rayonda Sabir günləri keçirilirdi... Dədə də gəlmişdi... Elə həmin gün məni də, uşaqları da götürüb apardı Şamaxıdan..

Bu gün də Sənin günündür.

Şamaxıdan da, özümdən də sənin 79 yaşın qədər uzaqda - İnnsbruqda o daşı axtara-axtara Səni gözləyirəm.

Söz vermişdi ki, mayda gələcək, sonra dedi ki, bala, sən gəl, mən daha özümə güvənmirəm. Güvənmədiyin yaşın mübarək, Musa Yaqub!”

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar Birliyində Bədii Ədəbiyyatı Təbliğ Bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri, İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-2000-cı illərdə isə Milli Məclisin deputatı olub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər