Mayın 14-16-da Bakıda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurası və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi komissiyalarının illik toplantısı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Qərb Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirə UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi qatılacaq.
Tədbir ərəfəsində qonaqlar Azərbaycanın görməli yerləri, füsunkar təbiəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək.
Bakı UİAA-nın “Dağların Mühafizəsi Komissiyası”nın görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda “Beynəlxalq Gənclər Düşərgəsi” kimi tədbirə ev sahibliyi edib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) 2010-cu ildən etibarən Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) tam hüquqlu və ən aktiv üzvlərindən biridir.
İlhamə