13 May 2016 16:27
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim qrantımız oldu-olmadı işləyirik. Biz şikayətçilərin üzərinə qapını bağlayıb deyə bilmərik ki, qrantımız yoxdur və buna görə işləmirik. Biz neçə müddətdir ki, jurnalistlərlə görüşmürdük, ancaq bu, o demək deyil ki, fəaliyyətimiz yoxdur. Bu bir ildə bizə 739 şikayət daxil olub”.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Səidə Qocamanlı bu gün İnsan Hüquqları üzrə Birləşmiş İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin birgə mətbuat konfransında səsləndirib.

Səidə Qocamanlı qeyd edib ki, onlar hər şənbə günü toplaşaraq vəziyyəti müzakirə edir, problemlərin həlli üçün qərarlar verirlər: “Şikayətlər müxtəlif məsələlərlə əlaqəlidir. Siyasi xarakterli həbs olunmuş insanlarla bağlı problemi də uğurla həll edirik. Martda Prezident tərəfindən verilən əfv sərəncamında bizim siyahıda olan 17 nəfər azadlığa buraxılıb. Yunuslar ailəsi isə nəinki həbsdən buraxılıb, həm də xaricə müalicə almağa gedə biliblər. Bu həm də bizim fəaliyyətimizin, İnsan Hüquqlarına dair Birləşmiş İşçi Qrupunun əməyinin nəticəsidir. Beynəlxalq Təşkilatların əməyi deyil.

Bizim siyahımızda olan məhbusların böyük bir hissəsi azad edilib, 23 nəfərlik siyahıdan cəmi 6 nəfəri hazırda həbsdədir. Onlarında azadlığa çıxması üçün fəaliyyətimizi davam etdirəcəyik. Güman etmirəm ki, mayda əfv sərəncamı olsun, çünki sonuncu əfv sərəncamı mart ayında imzalanıb. Amnistiya təşəbbüsü ilə isə ancaq Milli Məclis çıxış edə bilər.

Amnistiya aktı zamanı isə fərdlərə deyil, konkret maddələr əsas olaraq götürülür”.
Hüquq müdafiəçisi daha sonra bildirib ki, onlar bundan sonra ömürlük həbsdə olan məhbuslarla bağlı da fəaliyyət göstərmək əzmindədirlər: “1990-cı illərin hadisələrinə görə, ömürlük həbsdə olan insanlar var. 1996-cı ildən həbsdə olan “omon”çular var. Bu ilin oktyabrında onların həbsinin 20 ili tamam olacaq. Qanunla ömürlük həbs cəzasına məruz qalan vətəndaşlar 10 il həbs çəkdikdən sonra əfv sərəncamına düşə bilər. Eləcə də onlar 25 il həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılmaq üçün müraciət edə bilərlər”.

Nemət


Müəllif: