May ayının 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2-ci və 3-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com verilən məlumata görə, abituriyentlər Apelyasiya Komissiyasına bu gün saat 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Komissiyadan bildirilib ki, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər: "Çox təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi abituriyentlər şəxsiyyəti təsdiq edən sənədi və buraxılış vərəqəsini imtahana gətirməyi unutmuş, bəziləri isə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon keçirməyə cəhd göstəriblər. İmtahanın gedişi zamanı köçürməyə cəhd etmiş, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib".
Xatırladaq ki, mayın 15-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq.