18 May 2016 15:14
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisi prospektində yerüstü keçidin eskalatorlarının xeyli vaxtdır işləməməsi Alatava qəsəbə sakinlərini narahat edir.

Cəvahir Süleymanova adlı sakin Teleqraf.com-a bildirib ki, eskalatorların işləməməsi qəza hadisəsinə də səbəb olub: “İşçilərə müraciət edirik ki, eskalatorlar niyə düzəlmir? Bildirirlər ki, Çin istehsalıdır, tez xarab olur. Eskalatorlar işləmədiyi üçün məcbur qalıb prospekti maşınların arasından keçirik.

Prospektin bu yerində bircə market var, o da yolun digər hissəsindədir. Hər gün bu yolu keçməyə məcburuq. Maşın yolunda sürət həddi yüksəkdir. Bu yaxınlarda bir nəfəri yolu keçərkən maşın vurdu”.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com-a açıqlama verib.

Anar Nəcəfli Tbilisi prospektindəki keçiddə bir müddətdir müəyyən problemlər yarandığını təsdiqləyib: “Eskalatorların ehtiyat hissəsi ölkəmizə xaricdən gətirilir. Sifariş verilib, yaxın günlərdə həmin hissələr gəlməlidir. Ehtiyat hissələri gətirilən kimi məsələ həll olunacaq.

Təəssüf ki, eskalatorlar və onların ehtiyat hissələri Azərbaycanda istehsal olunmur. Bu səbəbdən bu cür problemlər yaranır”.

Anar Nəcəflinin sözlərinə görə, Bakı şəhərində 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var: “Onların da əksəriyyətində eskalatorlar var və onlar işlək mexanizm olduğu üçün zaman-zaman hansısa hissəsi sıradan çıxır. Bu, normal haldır. Təmiri mümkün olan eskalatorlarda problem dərhal aradan qaldırılır”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər