Sovet ordusunun 1979-cu ilin sonunda Əfqanıstana yeridilməsi faktı ümumməlumdur, ancaq o hadisələrdən 50 il əvvəl baş vermiş analoji hadisə barədə az danışılır. Belə ki, 1929-cu ilin aprelində İosif Stalinin göstərişi ilə Qızıl Ordu hissələrinin qonşu ölkəyə yürüşü baş verir. Bu xüsusi əməliyyatdan məqsəd Əfqanıstanın devrilmiş kralı Əmanulla xana yardım etmək və həm də oradakı basmaç dəstələrinin SSRİ-yə keçməsinin qarşısını almaq idi.
1920-ci illərin ikinci yarısından başlayaraq Sovet hökuməti Əfqanıstanda yerləşən basmaç dəstələrinin məhv edilməsi üçün Əmanulla xana təzyiqlər edir. Bu, antisovet mövqeyində dayanan dövlətlərə, ilk növbədə isə Böyük Britaniyaya sərf etmirdi, odur ki, onların təhriki və köməyi ilə krala qarşı etiraz hərəkatı baş qaldırır. Hərəkatın başında Baçai-Sakao (Həbibulla) dayanırdı. Baçai-Sakaonun atası suçu olduğundan,o, “Suçu oğlu” adı ilə məşhurlaşır. Onun paytaxt Kabilə hücumu Əmanulla xanın məğlubiyyəti və qaçışı ilə nəticələnir. Bəzi məlumatlara görə, Baçai-Sakaonun planlarını bilavasitə məşhur kəşfiyyatçı Lourens Ərəbistanlı hazırlayırdı.
Yaranmış vəziyyət Sovet dövləti üçün əlavə təhlükələr vəd edirdi. Əvvəla, qonşu (və həmişə SSRİ ilə yaxşı münasibətdə olan) ölkədə nəzarət britaniyapərəst qüvvələrin əlinə keçirdi. İkincisi, baş verənlər basmaç dəstələrin dirçəlməsi və SSRİ ərazisinə hücumları sarıdan da sərf etmirdi.
Əfqan ordusundan fərarilik etmiş Baçai-Sakaonun Kabili asanlıqla almasından və kralın Qəndəhara, durrani tayfasından olan tərəfdarlarının yanına yerləşməsindən sonra devrilmiş kralın qardaşı İnayətulla xan yeni hökmdar elan edilir.
Moskvada həyəcanla qarşılanan bu xəbərdən sonra konkret tədbirlər hazırlamaq qərarına gəlirlər. O hadisələrin birbaşa şahidi və qismən də iştirakçısı olmuş kəşfiyyatçı Georgi Aqabekov (1895-1937) bu barədə özünün “Məxfi terror” kitabında ətraflı bilgilər verir.
Aqabekov uzun illər OQPU-nun (Birləşmiş Baş Dövlət İdarəsi) Yaxın Şərqdə, İran və Türkiyədə, həmçinin Əfqanıstanda rezidenti olmuş, 1930-cu ildə isə Qərbə qaçmışdı (Yeri gəlmişkən, onun qaçmağı heç də ideoloji yox, sırf romantik motivlərlə bağlıydı - ingilis qızı sevdiyindən, onun ardınca Avropaya getmişdi). Parisdə “Məxfi terror” kitabını çap etdirən Aqabekov orada Sovet xarici kəşfiyyatının bir çox ölkələrdəki gizli fəaliyyətinə dair çoxlu məlumatlar açıqlayır (Kitabda İran və Türkiyə ərazisində Müsavat partiyasının fəaliyyəti də işıqlandırılır). 1936-cı ildə o, Stalinə məktub yazaraq SSRİ-yə qayıtmaq istədiyini bildirir, ancaq 1 il sonra İspaniya sərhədində qətlə yetirilir, cəsədi isə çaya atılır.
***
Georgi Aqabekovun yazdığına görə, Əfqanıstanda baş verən hadisələrlə bağlı SSRİ Xarici işlər Komissarlığı ilə OQPU arasında fikir ayrılığı yaranır. Xİ komissarının müavini Karaxan üsyanın ingilislər tərəfindən maliyyələşdirildiyini və Moskvanın devrilmiş krala yardım etməli olduğunu önə çəkir, ancaq OQPU (ilk növbədə, Aqabekov) Baçai-Sakaonun “proletariat içindən çıxmış biri” olduğunu və inilis kəşfiyyatı ilə bağlılığına dəlillərin yoxluğunu qabardaraq məhz üsyançılara köməyin “İnqilab işinə sərfəliliyi”ni təklif edirlər. Sonrakı sənədlər təsdiqləyir ki, Baçai-Sakao doğrudan da ingilislərin təsiri altındadır, hətta onun dəstələri Kabili alarkən ingilis missiyasını qorumaq üçün onun əmrilə xüsusi mühafizə təsis olunub, kralın qardaşı İnayəttula xanla danışıqlar da ingilis elçisi Hemfrisin vasitəçiliyi ilə aparılıb.
Sonunda Xarici işlər Komissarlığının mövqeyi üstün gəlir. Aqabekovun arqumentləri nəzərə alınmır, halbuki, onun fikrincə, Bakai-Sakaonu müdafiə etmək Əfqanıstanı “sovetləşdirməyə” yardım edəcəkdi, üstəlik, Baçai-Sakaonun nazirlərinin az qala hamısı kəndli, deməli, xalqın ehtiyaclarını yaxından bilən şəxslər olduğundan, onların tərəfini tutmaqla SSRİ sinfi mübarizədə əzilən sinfə qahmar çıxmış olacaqdı. Aqabekovun sözlərinə görə, “Fəhlə-kəndli hökumətinin kralın tərəfində dayanması imperialist hərəkət idi”.
Xarici işlər Komissarlığının da öz arqumentləri vardı. Karaxanın sözlərinə görə, Baçai-Sakaonun tərəfdarları Əfqanıstanın şimalında yaşayan tayfalardır, onlar isə SSRİ-yə qarşı savaşan basmaçlara yardım edirlər və Orta Asiyadakı Sovet hökumətinə aqressiv münasibət bəsləyirlər. Əmanulla xanı isə ölkənin cənubundakı tayfalar müdafiə edir, o tayfalar Hindistandan narazıdırlar, yəni, devrilmiş kralı taxt-taca qaytarmaq olsa, SSRİ ilə münasibətlər yaxşı, Hindistanı idarə edən ingilislərlə isə pis olacaq.
Partiyanın Siyasi bürosu Komissarlığın bu dəlilləri ilə razılaşır və Əmanulla xana yardım göstərmək qərarını verir. Əmanulla xanın Qəndəhardakı vəziyyətini öyrənmək üçün oraya Daşkənddən diplomat Solovyov göndərilir. OQPU da Qəndəhara öz elçisini yollamaq qərarına gəlir və Aqabekova yola hazırlaşmaq tapşırılır. Ancaq həmin vaxt Bakai-Sakaonun qoşunları Herat əyalətini də ələ keçirdiyindən, Qəndəhara aparan yol qapanır.
1929-cu ilin martında Stalinlə Əfqanıstanın Xarici işlər naziri Qulam Cəlani xan arasında məxfi görüş keçirilir. Onun ardından Daşkəndə göstəriş göndərilir: Əfqanıstana yola salınmaq üçün kommunist və komsomolçulardan xüsusi dəstə təşkil etmək tapşırılır. Formalaşacaq Qızıl Ordu hissələri Termez şəhərindən keçərək Əfqanıstan ərazisinə daxil olmalıydılar, bu vaxt əsgər və zabitlər əfqan forması geyinməliydilər. Dəstəyə siyasi rəhbərliyi Əfqanıstanın SSRİ-dəki səfiri Qulam Nəbi xan icra etməliydi (O, nazir Qulam Cəlani xanın qardaşı idi). Tacikistanın Termez çayı ərazisindən Amudərya çayını keçəcək dəstə 2000 atlıdan ibarət idi. Onun hərbi rəhbəri “Türk zabiti Rahib bəy” idi. Əslində, bu ad altında Vətəndaş müharibəsinin qəhrəmanı, 1927-ci ildə SSRİ-nin Əfqanıstanda hərbi attaşesi işləmiş Vitali Primakov (1897-1937) gizlənirdi.
***
Əfqanıstana hücum aprelin 15-i başlayır.
Aqabekov öz kitabında hadisəni bu cür təsvir edir: “Səhər tezdən Termez sərhəd şəhərindən Sovet aeroplanları havaya qalxaraq Amudərya çayının digər sahilindəki əfqan sərhəd məntəqəsi olan Patta-Gissarın səmasında dövrə vururlar. Əfqan sərhədçiləri aeroplanlara baxmaq üçün toplaşanda onlar havadan pulemyotla məhv edilir. Bunun ardından atlı dəstə Amudəryanı sakitcə keçərək Məzari-Şərif şəhərinə istiqamətlənir. Sovet əsgərlərinə qarşı göndərilən hökumət qoşunları pulemyot və artilleriya atəşləri ilə asanlıqla dağıdılır. Sonuncu müqavimət Məzari-Şərifin özündə göstərilir, ancaq o da dəf edilir və şəhər Qulam Nəbi xanın, daha dəqiq desək, yürüşə türk zabiti sifəti ilə qatılmış Primakovun əlinə keçir”.
Məzari-Şərifin fəthindən sonra Sovet əsgərlərinə qarşı qonşuluqdakı Deydadi qalasının qarnizonu göndərilir. İlk hücum dəf olunur, ardından ikinci hücum dalğası başlayır və yalnız onun da məhvindən sonra əfqan generalları yaxşı silahlanmış yadellilərə qarşı köhnə qaydalarla qalib gəlməyin qeyri-mümkünlüyünü anlayır. Belə olanda, əfqanlar başqa taktikaya əl atırlar - onlar Sovet əsgərlərinin mövqelərinə gedən bütün su mənbələrinin yolunu bağlayırlar.
Bu taktika öz effektini verə bilərdi, ancaq Sovet əsgərlərinə Termezi keçərək gələn 400 nəfərlik yeni qüvvə yardımçı olur. Yeni dəstəyə “Zəlimxan” ləqəbli İvan Pavlov - gələcək Böyük Vətən müharibəsinin qəhrəmanı (“Pavlovun evi) başçılıq edirdi. Onun qüvvələrinin sayəsində Primakovun dəstəsi susuzluqdan və mühasirədən qurtulur.
Sovet aviasiyasının hesabına Deydadi qalası da ələ keçirilir və əfqanlar çoxlu sayda silah-sursatı (o cümlədən, 50 top və 20 pulemyot) qoyaraq arxaya qaçırlar.
Sovet əsgərləri onları təqib edərək cənuba doğru istiqamət götürür və bu yürüş zaman Baçai-Sakaonun hərbi məsləhətçisi sayılan Səid Hüseynin və məşhur basmaç İbrahim bəyin başçılıq etdiyi 10 min nəfərlik ordu ilə qarşılaşırlar. Əfqanlar çox rəşadətlə vuruşur, üstəlik onların sayı da dəfələrlə çox idi. Həmin döyüşlərin iştirakçısı olmuş özbək kommunisti Abdulla Valişov sonralar xatırlayırdı:
“Döyüşü udmağa İvan Petrovun təcrübəsi yardımçı oldu. O, İbrahim bəyin bandasından əsir alınmış 3 nəfəri bəyin yanına yolladı. Həmin əsirlər ona əvvəlki döyüşün nəticələrini açıqlamalıydılar - 2500 ölü, 176 əsir. O döyüşdə yalnız 300 əfqan xilas ola bilmişdi. Xəbərdarlıq fayda verdi: basmaçlar silahlarını yerə qoydular. Əks halda, İbrahim bəylə Səid Hüseyn birlikdə üstümüzə gəlsəydi, onların dəfələrlə say üstünlüyünü nəzərə alsaq, məğlubiyyət qaçılmaz olacaqdı”.
Ardınca Primakovun dəstəsi Bəlx və Taşkurqan şəhərlərini də ələ keçirir. Sonra Primakov Moskvaya çağırılır, rəhbərlik isə “Əli Əfzal xan” ləqəbli Aleksandr Çerepanova keçir. Keçmiş çar zabiti olmuş Çerepanov inqilabın ilk günlərindən bolşeviklərin tərəfinə keçmişdi. Böyük Vətən müharibəsi zamanı general-leytenant Çerepanov 23-cü Ordunun komandairi kimi Leninqradın müdafiəsində fərqlənəcəkdi.
***
Beləliklə, hadisələr SSRİ-nin arzuladığı istiqamətdə gedir və Əmanulla xanın hakimiyyətə qayıdışı üçün bütün şanslar vardı. Ancaq heç kəsin gözləmədiyi hadisə baş verir: Əmanulla xan bütün sərvətini toplayaraq Hindistana, oradan da Avropaya yollanır və hakimiyyətə dönmək istəyində olmadığını açıqlayır.
Bu, Moskvanı ən arzuolunmaz duruma salır. Hərbi ekspedisiyadan məqsəd kralın hakimiyyətini bərpa etmək idi, o isə oyunu tərk edir. Bu gedişatla SSRİ-nin beynəlxalq imici sarsıdıcı zərbə alır, hərbçilər isə qanuni hakimiyyəti qoruyanlar statusundan çevrilib işğalçı statusuna düşür.
Moskvada Baça-Sakaonu ingilislərin nəzarətində sayırdılar, indi isə Əmanulla xan ingilislərlə ittifaqa girərək onların istəyini yerinə yetirmişdi. İngilislərin krala əvəzində nə vəd etdiklərini söyləmək çətindir, ancaq Avropaya köçən Əmanulla xan bir daha Əfqanıstana dönmür və 1960-cı ildə Cenevrədə vəfat edir.
Nəticədə, Moskva öz hərbçilərinə Əfqanıstanı tərk edərək geri qayıtmaq əmrini yollamağa məcbur olur. Əfqanıstan Baçai-Sakaonun ixtiyarına keçir. Türkiyə və İran hökumətləri onu Əfqanıstan kralı kimi tanımağa meyllənirlər, Moskva isə gözləməyə üstünlük verir.
Oyuna isə yeni oyunçular qoşulur. Əfqanıstanın Parisdəki keçmiş səfiri Nadir xan Hindistanla sərhəddə peyda olur və onun Baçai-Sakao ilə savaşı başlayır. Sonunda Nadir xan Kabili ələ keçirir, Baçai-Sakao və bir çox tərəfdarı güllələnir.
***
Georgi Aqabekovun yazdığına görə, Əfqanıstan əməliyyatında 8 mindən çox əfqan həlak olur. Sovet tarixçiləri əfqanların itkilərinin daha çox olduğunu göstərir: 20 min ölü və əsir. Sovet tərəfi isə Əfqanıstanda 120 zabit və əsgərini itirir.
SSRİ-yə qayıtdıqdan sonra bu xüsusi əməliyyatda iştirak etmiş 2400 hərbçidən 300 nəfəri SSRİ-nin həmin vaxtlar ən ali mükafatı olan Qırmızı Bayraq Ordeni ilə təltif olunur...
Məmməd Süleymanov