“Bu ilin sonu ya da 2017-ci ilin əvvəllərindən Azərbaycanda icbari tibbi sığortanın pilot layihəsinin tətbiq olunması planlaşdırılır”.
Teleqraf.com-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. Onun sözlərinə görə, model ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir: “Pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz və təxminən 6-9 ay ərzində tətbiq ediləcək. Nəticəyə uyğun olaraq icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması nəzərdə tutulub. Hansı rayonların seçilməsi və işin necə qurulması yaxın gələcəkdə məlum olacaq. Bu işin daha düzgün qurulması üçün ekspertləri də prosesə cəlb etmişik. Pilot layihə əsasında bu sistemdə yaşana biləcək çətinlikləri nəzərə alacağıq”.
Zaur Əliyev qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycan modeli bu yaxınlarda, mayın sonunda ölkə rəhbərliyinə təqdim olunacaq: “Bununla bağlı, prezident tərəfindən sərəncam imzalanacaq. Pilot layihənin tətbiq ediləcəyi rayonlar müəyyən olunacaq. 2018-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqi gözlənilir”.
Agentlik direktoru əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi zamanı vətəndaş daha az vəsait ödəməklə daha geniş tibbi təminata nail ola biləcək.
Naibə QURBANOVA