Aparılan müşahidələrin nəticələrinə əsasən, Azərbaycanda indiyədək havanın mütləq maksimum temperaturu 46 dərəcə olub.
Bunu Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Havanın həm orta sutkalıq, həm də mütləq maksimum temperaturunun olduğunu söyləyən M.Həsənov qeyd edib ki, 2000-ci ilə qədər olan dövrdə Azərbaycan üçün ən yüksək temperatur müsbət 44 dərəcə hesab olunub. Həmin temperatur 1960-cı illərinin ortalarında Kürdəmirdə qeyd alınıb. 2000-ci il iyulun 6-da isə Naxçıvan Muxtar Respublikasında daha yüksək - müsbət 46 dərəcə istilik qeydə alınıb: "Bu temperaturlar Azərbaycanda indiyədək aparılan müşahidələr nəticəsində qeydə alınan ən yüksək temperaturlar olub".
Alim Azərbaycanda yay aylarında 50 dərəcə və ondan yüksək temperaturların qeydə alınması barədə məlumatları düzgün saymır: "İnsanlar iki məsələni qarışdırırlar. Çünki həm havanın, həm də torpağın temperaturu olur. İndiyədək havanın temperaturunda belə yüksək istilik müşahidə olunmayıb".
M.Həsənov deyib ki, havanın temperaturunda dünya üçün mütləq maksimum temperatur 58,1 dərəcə olmaql, Liviyanın paytaxtı Tripolidə qeydə alınıb. Amma Azərbaycanda 46 dərəcədən yüksək temperatur qeydə alınmayıb: "Torpaq səthinin temperaturu 50 və daha yüksək ola bilər. Çünki torpaq səthi tez qızır, hava isə ondan gec qızır və o həddə gəlib çata bilmir. 1978-ci ildə Göyçayda torpaq səthinin temperaturu 62 dərəcə olub. Bunu özüm ölçmüşəm".
Azərbaycanda bu yay ərzində daha yüksək temperaturların müşahidə edilə bilməsi ehtimalına gəldikdə, baş elmi işçi deyib ki, Azərbaycan üçün yeni rekord temperatur göstəricisi 46 dərəcədən yuxarı ola bilər. Amma hava şəraiti üzrə hazırkı vəziyyət və proqnozlar bu temperaturun yenilənəcəyini deməyə əsas vermir: "Artıq mayın sonudur, iyunun əvvəllərinə az qalıb. Hələlik gedişat Azərbaycanda elə yüksək temperaturun ola biləcəyini göstərmir. Yəni 46 dərəcədən daha yüksək temperaturun qeydə alınmaması ehtimalı daha çoxdur".
M.Həsənovun sözlərinə görə, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı məlumata əsasən, 1880-ci ildən sonrakı müddət ərzində 2016-cı il ən isti il olacaq: "Azərbaycan üçün bununla bağlı proznoz verməyə çətinlik çəkirik. Çünki bizdə proqnozu maksimum 1 ay müddətinə vermək olur. İndidən bütün yayın ən isti yay mövsümü olacağı barədə mülahizə yürütmək bizim üçün bir az çətindir. Əgər NASA-nın yaydığı proznoqlar özünü doğruldarsa, qlobal problemin nəticəsi olaraq, Azərbaycanda da müəyyən günlərdə yüksək temperatur müşahidə edilə bilər".