Hansısa bir qanunauyğunluqla keçmiş nə qədər uzaq və dərindədirsə, bir o qədər maraqlı, çəkici və heyrətli olur... Torpağın heç yerdə demək olar ki, qabarmadığı, sakit və dinc şəkildə, göz işlədikcə uzandığı bu yerlər Muğandır. Qədimliklə ululuğun yoğrulub yapıldığı bir məkan, coğrafiya, ərazi və əlbəttə, vətən düzüdür!
Dəniz səviyyəsindən aşağıda yerləşir. Nə zamansa tektonik proseslər nəticəsində dağlıq ərazi aşağı çöküb. Görünür, dünyanın, yaradılışın, Allahın və təbiətin bir qanunu da zaman-zaman öz hökmünü verir: keçmiş yavaş-yavaş aşağıya, yerin altına, torpağın bağrına və bətninə doğru çəkilir.
Bu baxımdan vətən təkcə torpağın üstü deyil, həm də torpağın xəzinələrlə zəngin altıdır, təkidir! Mineral zənginlikdən yox, tarix və mədəniyyət zənginliyindən söhbət gedir.
Saatlı rayon Tarix və Diyarşünaslıq Muzeyinin rəhbəri Sürəyya Muğanlı sanki hər kəs üçün xəbərdarlıq statusu daşıyan bir ifadəylə bu düzlərdə işləyən hər ekskavatorun, hər traktorun qədim bir dünyanın kəşf və muzey eksponatı ilə burun-buruna, üz-üzə gəldiyini söyləyəcəkdi. Buna inanmamaq mümkün deyil.
Hələliksə avtobus Saatlıya şütüyür, göz işlədikcə uzanan Muğan düzündə...
Gözəl bir yaz gününün yaşıllığı, heç demə, təsadüf deyilmiş, təbiətin, iqlimin indikindən fərqləndiyi uzaq zamanlarda Muğan məhz yaşıllıqla simvolizə olunurmuş, qədim muğlar üçün meşə toxunulmaz, sakral aləmmiş...
Tarixdə bir məşhur İkiçayarası var – şumerlərin vətəni Mesopotamiya. Daha bir çayarası mədəniyyətdən söhbət gedir: Kür-Araz ovalığı.
Kiçik bir haşiyə
Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir.
Tarixən Araz çayı Muğan düzündən axaraq Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdı. 1916-cı ildə bu yuyulmanın qarşısı alındı, Araz öz yatağına qaytarıldı.
Mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyektdən bəhs olunur. Orta əsr ərəb mənbələrində Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunurdu.
Azərbaycanda Muğan adı ilə 18 yaşayış məntəqəsi var.
Muzey eksponatları və insanlar
Birdən anlayırsan ki, qədim eksponatlar qədər də qiymətli və maraqlı insanlar var. Saatlı rayon Tarix və Diyarşünaslıq Muzeyinin rəhbəri Sürəyya Muğanlı Rəssamlıq Məktəbini bitirib, modern rəssamlıqla məşğuldur, surrealist işlərini muzeyin dəhlizlərindən asıb. Mədəniyyət və İncəsənət Universitetində ikinci təhsil alıb. Bütün bunlarla yanaşı o, canlı tarixin, muzeydə qorunan keçmişin daşıyıcısı, varisi və ötürücüsüdür.
Həmsöhbətimiz qədim muğ mədəniyyətini Gilqamış dastanıyla əlaqələndirir, dediyinə görə, ilk dəfə Muğan sözünə həmin dastanda rast gəlinir: “Biz ilk dəfə “Muğan” sözü ilə eramızdan əvvəl IV-II minilliklərdə formalaşmış “Gilqamış” və ya “Bilhamus” dastanında qarşılaşırıq. Dastanda qeyd olunur ki, Sa-Muğan yer üzünü su basandan sonra, yəni Nuh tufanından sonra yer üzünün iki sahibindən biri olub.
Dastanın digər yerində qeyd edilir ki, Enkudu Bilhamusa yuxusunu nəql edərək deyir: “Bilhamus, biz Humbabanı öldürdüyümüz üçün Allahlar mənə ölüm hökmü kəsdi. Yuxuda gördüm ki, ölmüşəm, o dünyada məni bir daxmaya qoyublar. O daxmada taleləri yazan Pəri, yəni eşq ilahəsi, bir də Sa-Muğan yaşayırdı... O, Allahlara xidmət edirdi. Görünür, Muğan adının əvvəlində işlənən Sa, Su, Şu ay tanrısının adlarından biridir”.
Sürəyya xanım deyir ki, ibtidai icma quruluşundan üzübəri bu ərazilərdə yaşayış olub, iqlimi gözəlmiş, ərəblər işğal edəndə buralara “cənnət” mənasını verən “Ənnəhr” adı veriblər. Yaxın zamanlaracan bu adda kənd varmış, sonra dəyişib Naharlı adlandırıblar.
Sürəyya Muğanlı muğlardan həvəslə danışır, onların böyük bir mədəniyyət, sivilizasiya qurduqlarını deyir: “Muğların saxsıdan dairəvi evləri olurdu. 12 rəqəmini müqəddəs bilirdilər. Gözəl geyinir, uzun saç saxlayırdılar. Kətanı, gümüşü və yaşıllığı sevirdilər. Dörd qadınla, özü də gözəl qadınlarla evlənirdilər. Qadınların süd vəzilərinə xüsusi önəm verirdilər. Burda mistik bir məna da vardı. Hesab olunurdu ki, gözəl nəsil o cür qadınlarla bəslənir.
Məbədləri, hamamları, bazarları vardı, uşaqların təhsilinə xüsusi diqqət yetirirdilər. 12 gözdən ibarət məbədlərini su arxı əhatələyirdi, arxın üstündən hər otağa ayrıca körpü gedirdi. Məbədin ətrafı hər birinin ayrıca rəngi olan, seçilmiş güllərlə bəzəyirdilər. Rənglər təsadüfən yan-yana düzülmürdü, bəlli bir harmoniyanı ifadə edirdi”.
Tarixi eramızdan əvvəl 7 min il əvvələ gedib çıxan muğ mədəniyyəti çiçəkləndi, boy atdı və bir gün solmağa başladı. Ya zəlzələdən, ya vəlvələdən... Sürəyya xanım deyir ki, Kür-Araz çayları arasındakı bu mədəniyyəti sel daşqınları yuyub apardı.
İkiçayarsında insanların və mədəniyyətlərin taleyini su həll edib...
Yeri gəlmişkən, Sürəyya Muğanlı qədim muğların dilindəki bəzi sözlərin siyahısını mənə təqdim etdi ki, həmin kəlmələrin türk diliylə uyğunluğu danılmazdır: Şu-su, dadom-adam, kənc-gənc, qorpa-arpa, ən-mən, yolma-dolma, yutt-ot, gündək-günəşli gün və sair. Çoxdur...
Ekskavatorun cəngindən xilas olan tarix
“Mənim atam ekskvatorçuydu – həmsöhbətim davam edir, - uşaqlıqdan qədimi əşyaları toplamağı xoşlayırdım. Onları bu muzeyə təhvil verirdim. O iki xalçanı da mən bağışlamışam, 19-cu əsrin əvvəllərinə aiddir. Yox, qiymətini soruşmayın, deməyəcəm. Bahalıdır. Hətta bir ara oğurlayıb xaricə satmışdılar, geri qaytardıq...”
Sürəyya xanım deyir ki, indinin özündə də bu ərazilərdə tikinti və təsərrüfat məqsədli qazıntı işləri mütləq arxeoloqun müşayiəti ilə aparılmalıdır.
Muzey direktoru sonra bizi eksponatlarla tanış etməyə başlayır: “Bax bu, yumruq boyda olan qəbir daşıdı, qədimdə ölülərin başının altına qoyurdular, bu, sırğadır –üçkünc, kişilər taxırmış. Hökmdar sırğasıdır. Bax bu təqvimdir, şumerlərdə də vardı. Əlbəttə, bütün eksponatlar Saatlı ərazisindən tapılıb”.
Nəhayət, həmin xalçalardan birinin qarşında dayanırıq. Sürəyya xanım xalça naxışlarındakı simvolikanın izahına başlayır. Mənə elə gəlir, naxışlara yox, dərin, sirli bir labirintə düşmüşük, heç vaxt ordan çıxa bilməyəcəyik: “Bu, Ay tanrısıdır, bu, torpaq tanrısıdır, həyat ağacı budur. Quşlar ruhu ifadə edir... Humayın evidir. Bu, tovuz quşları Günəş tanrısıdır, mizan-tərəzini görürsən?
Günəş tanrısının başında xaç var. Yox, yox, xristianlığa dəxli yoxdur, enerjinin rəmzidir. Ay tanrısı yerdəki heç bir kimyəvi maddədən yaranmayıb. Bu, sərhəddir, bu isə sonsuzluq... Bax bu, müqəddəs kvadratdır...”
Cavad Mircavadovun rəsmi, “Mahmud və Məryəm”
Saatlı Tarix və Diyarşünaslıq Muzeyində dünya şöhrətli Azərbaycan rəssamı Cavad Mircavadovun rəsminə rast gəldiyimi desəm, bəlkə kimlərsə şaşıracaq, kimlərsə inanmayacaq. 1923-cü ildə doğulub 1992-ci ildə Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edən, Azərbaycanda ötən əsrin 80-ci illərinin sonunda məşhurlaşmış bu dahi rəssam demək olar ki, qapalı həyat sürüb, heç vaxt populyarlığa can atmayıb. Mifik qəhrəmanları, nağıl personajlarını çəkib.
Bu rəsmin adı “Köhnə Bakı limanı”dır.
Sürəyya Muğanlı əsərin bura necə düşməsi tarixçəsini də danışdı: “Mən onu köçkünlərin hamam kimi istifadə elədiyi tikilidən tapıb muzeyə təhvil verdim. Saatlıya necə gəlib düşməsi zənnimcə, belədir: sovet vaxtı kolxoz-sovxozlara rəssamların əsərləri göndərilirdi. Görünür, bu rəsm də bu xətlə gəlib çıxıb”.
Saatlı ərazisindəki Humbaba (Humbabos) və Xətai qəbirlərinin olduğu məkanlar var. Ümumiyyətlə, Muğan tarixi abidələrinin ciddi tədqiqata ehtiyac olduğunu söyləməliyik.
Saatlıda yaşayan ilahiyyatçı-tədqiqatçı Röyal Hüseynov bir neçə dil bilən nadir insanlardandır. 7-8 dilin mükəmməl yiyəsidir – Azərbaycan, rus, ərəb, fars, ivrit, qədim ibrani, pəhləvi və başqa dillər... O ki qaldı qədim Muğan-muğ mədəniyyətinin öyrənilməsinə, deyir ki, bununçun bir akademiya lazımdır: “Muğ dünyası elə bir aləmdir ki, onu hər adam anlamaz. Bu ərazilərin tarixinin öyrənilməsi ciddi araşdırma tələb edir. O cümlədən Xətai qəbirlərini. Saatlıdakı Xətai qəbrinin Şah İsmayıla aidiyyəti yoxdur.
Məsələn, Şeyx Məhəmməd Xətai adlı bir şəxs 7-ci əsrin sonu, 8-ci əsrin əvvəlində yaşayıb. Ondan əvvəl və sonra da Xətailər olub. Sözü xəta eləməklə də əlaqələndirməyi düz hesab eləmirəm. “Xəta” kəlməsi Quranda 17 yerdə, müxtəlif mənalarda işlənib.
Xətai irfan təsəvvüfünə məxsus bir statusdur. Piri-ariflər xalqin pakladığı, cismindən ruhuna, ruhundan beyninə, beynindən ərşə merac elədiyinə inandıqları piri-mürşidlərə o təxəllüsü verirdilər.
Humbaboslarla Xətai qəbirlərinin yanaşı düşməsi də maraqlıdır. Hunbaboslar missioner olublar. Hun imperatorlarına aidiyyətləri yoxdur, İsa həvarilərinin də şagirdləri deyillər. Hardan gəldikləri bilinmir. Bəlkə Xətailərlə bir-birini təqib ediblər, bəlkə savaşıblar. Dünyada 6893-ə yaxın müharibə tarixə düşməyib. Harda Hunbabos varsa, orda Xətai qəbri var. Bütün bunlar öyrənilməlidir.
Saatlının Naharlı kəndində 781-cı ildə anadan olmuş Şeyx Bəxtiyar ibn Cavanşir Əl-Muğaninin qəbri var. Onun “Mahmud və Məryəm” əsəri çox maraqlıdır. Cavanşir Əl-Muğaninin atasının peyğəmbər səhabələrindən olduğu ehtimal edilir. “Mahmud və Məryəm” bir eşq dastanıdır.
Mahmud müsəlman, Məryəm xristiandır. Bir-birilərini sevirlər, birləşirlər və heç biri dinindən ayrılmır... Yeri düşmüşkən, bu bizim multikultural dünyagörüşümüzə bir nümunə və tarixi mənbə də sayıla bilər...”
“Biz muğ mədəniyyətindən nə əxz eləyib tətbiqinə başlaya bilərik?” Bu da sonuncu sual.
Tədqiqatçı “çox şey öyrənə bilərik” cavabını verib davam edir: “Dünyada yapon mətbəxi fəlsəfə sayılır. Hansı xörəyi hansından əvvəl, ya sonra yemək, necə bişirmək lazımdır və sair. Muğlardan da məsələn, yaşıllıq salma qaydalarını götürsək – hansı ağac hansı bitkinin yanında olmalıdır, hansı gül hansı çiçəklə yanaşı əkilməlidir – elə dərin bir hikmət alınar ki, sanki Ömər Xəyyamı oxuyursan. Biri deyir, şərab düşkünüdür, biri deyir peyğəmbər...”
...Keçmiş bizim bir hissəmizdir. Yetər ki, onu tanıyaq, ona vaqif olaq, aşiq olaq. Onda bu tarixi bütün dünyaya tanıda, sevdirə və hətta ondan faydalana bilərik. Uzağa getməyək, elə arxeoturizmi inkişaf etdirərik...
Qurban Yaquboğlu
Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.