26 May 2016 14:05
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov və Niyazi Hacıyev iştirak ediblər.
İclas zamanı ilk iclasda müzakirə olunmuş məsələlərin icra vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb. O cümlədən, Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinin layihəsi nümayiş etdirilib, layihəyə dair ümumi rəy müsbət olmuş, saytın yaxın günlərdə istifadəyə verilməsi, səhifədə hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin yerləşdirilməsi qərara alınıb.

İclasda Şura üzvlərinə rəy və təkliflərini təqdim etmək üçün DİM-in yeni strukturunun layihəsi təqdim olunub.

Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbul sahəsində son 1 ay ərzində görülən işlər barədə hesabat təqdim edib. Hesabatda ehtiyat kadrlar, müsabiqədən və müsahibədən keçərək vəzifəyə layiq görülmüş namizədlərin dövlət orqanları tərəfindən vəzifəyə təyin edilməməsi məsələlərinə toxunulmuş, məsələ ətrafında fikir mübadiləsi aparılib.

Sonra Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyələrinə qəbul kampaniyasının indiki mərhələsində aktual olan məsələlər barədə məruzə təqdim edib, məruzədə tələbə qəbulu planları, magistraturaya qəbul imtahanının I mərhələsindən sonra proqramlar üzrə yaranmış müsabiqə vəziyyəti, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqənin müsbət və mənfi nəticələri, sınaq imtahanlarının və əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə dair ilkin statistik təhlil, sınaq imtahanlarının iştirakçılarının tərkibi və ümumi nəticələrin proqnozlaşdırılması barədə ətraflı məlumat verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər