Azərbaycanda müştərilərinə menyu təqdim etməyən restoranları böyük cərimələr gözləyir. Bu ilin martında qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsi bu məsələni tənzimləyir.
Sözügedən maddədə qeyd edilib ki, satışda olam malların üzərində qiymətinin göstərilməməsinə, qiymət cədvəllərinin (menyuların) olmamasına və ya düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək cərimə nəzərdə tutulur.
“Müştəri bizdən menyu istəsə...”
İaşə obyektləri müştərilərə menyu təqdim edirlərmi? Məsələ ilə bağlı bir neçə restoranla əlaqə saxladıq.
“Ovqat” restoranın direktoru Araz Əhmədov deyir ki, istəyən, tələb edən müştəriyə menyu təqdim edilir, istəməyənə yox: “Bizim millət çox vaxt kabab yeyir deyə menyu da istəmirlər. Çox vaxt menyu təqdim etmirik”.
“Kalyon” restoranının direktoru Rövşən Əsədovun sözlərinə görə, fevral ayından restoran üçün menyular çıxartdırılıb: “Restoranımıza gələn müştəri bizdən menyu istəsə, veririk. Menyunu fevral ayında ona görə tərtib etdik ki, qiymətlər dəyişdi. Kabab 4 manata təqdim edilirdi, indi onu 5 manata təqdim edirik”.
“Ləman” ailəvi istirahət mərkəzindən bildirdilər ki, müştərilərə menyu təqdim edirlər.
1000 manat cərimə
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, ictimai iaşə obyektinə aid xidmətlərdən istifadə edən istehsalçı menyudan yararlanmaq hüququ var: “Əgər menyu təqdim olunmursa müştəri bunu tələb etməlidir. Obyekt sahibləri menyu təqdim etməkdən boyun qaçırarlarsa, bu, artıq qanun pozuntusu sayılır. Bu məsələdə istehlakçılar fəal olmalıdırlar”.
Abbas Əliyev deyir ki, nazirlik menyu təqdim etməyən iaşə müəssisələri ilə bağlı tədbir görəcək: “Menyu təqdim edilməməsi, satış obyektlərində qiymətlərin göstərilməməsi halları ilə rastlaşan vətəndaşlar nazirliyin 195-2 qaynar xəttinə, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin telefonlarına müraciət etsinlər.
İctimai iaşə xidməti bazarına monitorinqlər, baxışlar və digər metodlardan istifadə olunmaqla nəzarət edilir. Qanunvericiliyin pozulması halları müşahidə edildikdə qanun çərçivəsində tədbirlər görülür. Əgər istehlakçının tələbinə uyğun ona menyu təqdim olunmursa, bu, qanun pozuntusudur, həmin ictimai iaşə obyekti qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 800 manatdan 1000 manata qədər cərimə oluna bilər”.
İctimai iaşə obyektlərində menyunun düzgün tərtib olunmasını mühüm məsələ sayan Abbas Əliyevin sözlərinə görə, menyuda yeməklərin qiyməti dəqiq göstərilməlidir: “Obyektə gələn müştəri necə xidmət alacağını və onun müqabilində nə qədər vəsait ödəyəcəyini bilməlidir”.
2000-ci ildən türk restoranları Azərbaycanda fəaliyyət göstərəndən sonra ictimai iaşə obyektlərində menyu mədəniyyətinin formalaşdığını desək yanılmarıq.
Müştərinin aldadılması
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Bakıdan Gəncəyə kimi yolun üzərində yerləşən ictimai iaşə obyektlərin 90 faizində menyu təqdim olunmur: “Baxmayaraq ki, həmin obyektlərə kütləvi müştəri axını olur. Hesab edirəm ki, menyusu olmayan iaşə obyektlərinin cərimələnməsi doğru qərardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan turizm ölkəsidir. Quba və Şamaxı turizm bölgəsi sayılsa da, həmin obyektlərdə müştərilərə menyu təqdim olunmur”.
Ekspert deyir ki, iaşə obyektlərində menyunun olmaması istehlakçının məlumat almaq hüququnun pozulmasına səbəb olur: “Müştəriyə menyu təqdim olunmursa, bu, onun aldadılması deməkdir. Müştəri sifariş verdiyi yeməyin qiymətini bilməlidir ki, büdcəsinə uyğun yemək sifariş versin. Menyu olmayanda müştəri yemək yedikdən sonra ona şişirdilmiş qiymət təqdim olunur ki, bu da problemlər yaradır”.
“Vergidən yayınma halları baş verir”
Eyyub Hüseynov deyir ki, məsələnin həlli üçün istehlak hüquqlarının qorunması siyasətinə çeviklik gətirilməlidir: “Nazirlər Kabinetinin 95 saylı qərarı ilə restoranlarda menyunun olması qanunvericiliklə tənzimlənir. İstehlakçının məlumat almaq hüququ öncədən təmin olunmalıdır.
Obyektlərdə menyunu tətbiqinə nəzarət etməli olan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin fəaliyyəti zəifdir. Qurum istehlakçıların menyunu tələb etməsi istiqamətində iş aparmalıdırlar ki, müştəri menyu təqdim olunmayan restoranda oturmasın. Digər tərəfdən menyu olmayan iaşə obyektlərdə vergidən yayınma halları da rol oynayır. Orada qiymət gizlədilir. Bütün bunlar ciddi nəzarətə götürülməlidir”.
İlhamə ƏBÜLFƏT