27 May 2016 13:31
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb. Rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Turacova bu gecə saxlandığı Zaqatala rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Teleqraf.com-a açıqlama verib.

Rita İsmayılovanın sözlərinə görə, ölən qadının sağ əlinin ikinci barmağını küçə iti dişləyib: “Qadında görüb ki, yara dərin deyil, həkimə müraciət etməyib. 2 aydan sonra qadında quduzluğun əlaməti başlayıb, rayon xəstəxanasına müraciət edib. Həkimlər quduzluq xəstəliyindən şübhələniblər və Taun Əleyhinə Stansiyanın xüsusi təhlükəli yoluxucu xəstəliklər və epidemiologiya şöbəsinin həkimləri Zaqatala rayonuna gedib qadını müayinə ediblər.

Qadında quduzluq xəstəlinin olduğu təsdiqlənib. Biz xəstəliyin təhlükəliyinə görə qadının Bakıya gətirilməsini lüzum görmədik”.

Nazirlik rəsmisi quduzluq xəstəliyinin aşkarlanma dövründən də danışıb: “Bu xəstəliyin gizli dövrü 14 gündən başlayaraq 1 ilə kimi sürə bilər. Bu, dişləmə yerindən asılıdır. Yara üzdə, barmaqlarda və yuxarı ətraflarda olanda ölüm daha tez başlayır. Əgər yara ayaq, topuq hissəsindədirsə, ölüm daha gec baş verir.

Xəstəlik aşkarlandıqdan sonra xəstə 3 ay yaşayır. Bu xəstəlikdə çox yüksək ölüm indeksi var. Xəstəlik 100 faiz ölümlə nəticələnir”.

Rita İsmayılova qeyd edib ki, bu, 2016-cı ildə Azərbaycanda qeydə alınan ilk quduzluq faktıdır: “Azərbaycanda quduzluq xəstəliyi çox nadir hallarda olur. Xəstəlik o insanlarda olur ki, hadisə baş verəndən sonra xəstəxanaya müraciət etmirlər. İnsanlar arasında sonuncu dəfə quduzluq hadisəsi 3 il əvvəl qeydə alınıb” .

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər