31 May 2016 13:27
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Mücəftəran kəndi canavarların hücumuna məruz qalıb. Canavarlar qoyun sürüsünə və yerli sakinlərə hücum çəkib. Hadisə zamanı bir neçə qoyun tələf olub.

Kənd sakinləri arasında xəsarət alanlar da var. Canavarların hücumu zamanı yerli sakinlərdən birinin hər iki qolu və üz nahiyəsi parçalanıb, çənəsi isə bir neçə yerdən sınıb. Hazırda həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Sakinlər dəfələrlə kəndin ərazisində canavara rast gəldiklərini bildiriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Teleqraf.com-a açıqlama verib.

Sektor müdirinin sözlərinə görə, kəndin çobanı meşə sahəsinin yaxınlığında qoyun otararkən canavar hücumuna məruz qalıb: “Həmin canavarı kənd sakinləri öldürüb. Hazırda nazirlik İsmayıllı rayonunda monitorinq aparır. Qeyd edim ki, bu, təsadüfü hadisədir. Həmin kənd hər tərəfdən meşə ilə əhatə olunub. Meşə sahəsində yerləşən kənddə, sözsüz, bu cür hadisələrin baş verməsi istisna deyil”.

Raqub Mirzəyev deyir ki, vəhşi heyvan təhlükəsi yaranarsa, nazirliyin yerli idarələrinə məlumat verilməlidir: “Məlumat əsasında yerli icra hakimiyyəti, bələdiyyə orqanları qrup yaradır və təhlükə gözlənilən yerlərdə mütəmadi reydlər keçirilir. Belə hallar zamanı qanunvericiliyə uyğun tədbirlər görülür”.

Nazirlik rəsmisi qeyd edib ki, ovçuluq Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir: “Qanuna əsasən, bir qayda olaraq canavarların təqibi qadağandır. Amma vəhşi heyvan insana hücum çəkərsə, onu kimsə ödürərsə, bu, inzibati məsuliyyət yaratmır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər