31 May 2016 14:32
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən etibarən “İnşaatçılar” metrostansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə Teleqraf.com-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, deyib ki, 2016-cı il yanvar ayının 18-dən burada 30 illik istismar müddətini başa vurmuş “ET-5” tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə başlanılmışdı. Stansiyada sökülmüş avadanlığın əvəzinə, Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela FT 945” tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər.

Məlumat üçün bildirək ki, eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaya işlədiləcəklər. Onlar müasir standartlara uyğun olaraq, 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunub.

Yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər