Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin mütəmadi monitorinqini həyata keçirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumatda deyilir ki, çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur.
Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.
Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir.
Göründüyü kimi, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.
İlhamə Əbülfət