Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 5-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək istəyənlər üçün imtahan keçirəcək.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılıcaq.
Bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni gətirməlidir.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9061 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3299 nəfərini oğlanlar, 5762 nəfərini qızlar təşkil edir. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar 2016-cı il iyunun 09-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.