3 İyun 2016 11:06
4 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu fakültədə Azərbaycanda silah hazırlayan mütəxəssislər yetişir. Məqsəd müdafiə sənayesi üçün yüksək ixtisaslı kadr hazırlamaq, ölkənin müdafiə sisteminə töhfə verməkdir. Beləliklə, Azərbaycan Texniki Universitetinin “Xüsusi texnika və texnologiya” fakültəsindəyik.

5 ixtisas, 370 tələbə

Əvvəlcə dekan Ramiz Hüseynov fakültənin yaranması barədə məlumat verdi.

Dekanın sözlərinə görə, fakültə Prezident İlham Əliyevin göstərişi və Müdafiə Sənayesi Nazirliyinin müraciəti əsasında, 2011-ci il Nazirlər Kabinetinin 91 saylı qərarı ilə müdafiə sənayesi kompleksinə 5 ixtisas üzrə yüksək ixtisaslı mühəndis hazırlamaq məqsədi ilə yaradılıb: “Fakültədə 5 ixtisas – Silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyi, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, Pirotexnika vasitələri texnologiyası, Optotexnika, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirməsi və istehsalı üzrə 370 tələbə təhsil alır.

İlk ildə fakültəyə 75 tələbə, sonrakı illərdə isə hər ixtisas üzrə 20, ümumilikdə 100 tələbə qəbul olub. Bu il müdafiə sənayesi kompleksinə yüksək ixtisaslı kadrların hazırlığı üçün ilk buraxılış ilidir. Tələbələr buraxılış işi üzərində işləyirlər.

Qeyd edim ki, 5 ixtisas üzrə hər ixtisasa dövlət sifarişi ilə 3 magistr yeri var. İlk pillədən 19 tələbə magistratura imtahanından keçib. İyun ayının 5-də onların ikinci imtahanları olacaq. Düşünürəm ki, 15 nəfər magistraturaya qəbul olacaq”.

Birinci kurs tələbələri Mübariz İbrahimovun qəbrini ziyarət edir

Fakültəyə qəbul olan tələbələrın həvəslə oxuduqlarını deyən Ramiz Hüseynovun sözlərinə görə, bu, təsadüfi deyil: “Onlar müdafiə sənayesində çalışmaq istəyirlər. Təhsil sistemi elə qurulub ki, həftənin bir günü tələbələr müdafiə sənayesinin zavodlarında dərs keçirlər. Orada silahlara, avadanlıqlara baxır, onların quruluşlarını öyrənirlər.
Birinci kursda tələbələrə vətənpərvərlik hissləri aşılanır. Çalışırıq ki, hər bir tələbə əsl vətənpərvər kimi yetişsin. Axı, gələcəkdə Azərbaycan silahını yaradacaqlar, mühüm bir sahədə işləyəcəklər. Sabah silah konstruktoru, silah texnoloqu olacaqlar.

Birinci kursda ilk olaraq tələbələri Mübariz İbrahimovun qəbrini ziyarətə aparırıq. Yaxşı oxuyan çalışqan tələbələr zavodda işləyir, maaş alırlar. Əlaçı tələbələrə 100 manat universitetdən, əlavə olaraq Müdafiə Sənayesi Nazirliyinin qərarı ilə 80 manat təqaüd verilir”.

14.5 millimetrlik İstiqlal snayper tüfəngi

Fakültənin Müdafiə Sənayesi Nazirliyinə məxsus bütün zavodlarda lazımı vasitələrlə təchiz olunmuş auditoriyaları var.

Auditoriyaların birinə Azərbaycan istehsalı olan 14.5 millimetrlik "İstiqlal" snayper tüfəngi yerləşdirilib. Silahın gülləsinin uçuş məsafəsi 7 min metrdir. Silah 2000 metr məsafədə 20 milli metr zirehi dəlmək qabiliyyətinə malikdir.

Ramiz Hüseynov deyir ki, fakültənin dərs vəsaitləri əsasən rus dilindən tərcümə edilir: “Rusiyada Kalaşnikovun adını daşıyan universitet var. Həmin universitetlə müqavilə bağlamışıq. Gələcəkdə tələbələrimiz orada magistr təhsili alacaqlar. Tələbələrimizə başqa xaricə ölkələrdə də təhsil almaq imkanı yaradılacaq”.

Tələbələr silah hissələrinin emalını da öyrənirlər. Texnoloji tədris mərkəzində emal texnologiyasını idarə edən dəzgahlar yerləşdirilib ki, üçüncü kurs tələbələri bu dəzgahlarda sərbəst işləyə bilirlər.

“Silah texnoloqu olmağı qarşıma məqsəd qoydum”

Üçüncü kurs tələbəsi Şəhla Gülalıyeva deyir ki, başqa fakültələrdən fərqli olaraq burada hər şey əyani göstərilir: “İxtiyarımızda müxtəlif növ silahlar var, biz onların quruluşunu, istehsal üsulunu öyrənirik. Mən özüm uşaq vaxtından idmanla məşğul oluram. Oğlan işləri ilə məşğul olmağı sevirəm. Bu fakültəni seçəndə silah texnoloqu olmağı qarşıma məqsəd qoydum. Əvvəllər bu fakültədə oxumağım qohumlarıma qəribə gəlirdi, amma indi öyrəşiblər”.

Dekan deyir ki, xarici ölkə vətəndaşları “Xüsusi texnika və texnologiya” fakültəsində oxuya bilməz: “Fakültə böyüklüyü ilə digər fakültələrdən fərqlənir. Kitabxana isə tam məxfi fəaliyyət göstərir. Bu gün Azərbaycanda döyüş texnikası istehsal etməyə gücü var. Bu silahları hazırlayan kadrlar yetişdirilir. Fakültəyə tələbələr yüksək balla qəbul olurlar. Məsələn, Silah və silah sistemlərinin istehsal texnologiyası ixtisasına qəbul olmaq üçün tələbə 480-580 arası bal toplamalıdır”.

3-cü kurs tələbəsi Nəbi Tomiyev deyir ki, silaha və hərbə olan maraq onu bu fakültədə təhsil almağa gətirib: “Universitetə hazırlaşan zaman müəllimim dedi ki, Texniki Universitetdə belə bir fakültə açılıb. İstəsən seçə bilərsən. İmtahanda topladığım bal bu fakültəyə qəbul olmağa imkan verdi və hazırda burada təhsil alıram.

Universitetdə mühazirələr keçirik, sonra zavodlarda oluruq. Çalışırıq ki, öyrəndiklərimizin əyani tətbiqini də mənimsəyək. Elektron vəsaitlərlə təmin olunuruq. Laboratoriyalarda bütün ləvazimatlarla tanış oluruq. Silah istehsalında işlədilən avadanlıqlar barədə bütün detalları öyrənmək istəyirəm”.

“Yeni silah ixtira etməlidirlər”

Dekanın sözlərinə görə, tələbələr Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində silahların quruluşu, rabitə cihazları ilə işləməyi öyrənirlər: “Çalışırıq tələbələr istehsalatla sıx əlaqədə təhsil alsınlar, bilsinlər ki, mühəndis hansı işi görməlidir... Başqalarından fərq odur ki, bizim fakültə yaradıcıdır. Gərək burda təhsil alan tələbə düşünməyi də öyrənsin. Yoxsa nə yüksək ixtisaslı kadr kimi yetişər, nə də yeni ixtiralar edərlər.


Universitetdə yeganə bizim fakültədə imtahanlar yazılı aparılır. Məqsəd onlarda yazmaq qabiliyyətini də formalaşdırmaqdır”.

3-cü kurs tələbəsi Mustafa İsayev deyir ki, hərbi sahə üzrə xarici ölkədə təhsil almaq istəsə də Azərbaycanda belə bir fakültə olduğunu öyrənəndə buranı seçib: “Uşaqlıqdan hərbi sahəyə marağım vardı. Araşdırdım, öyrəndim ki, Azərbaycan da belə bir fakültə var. Qəbul imtahanı zamanı 530 bal topladım və bu fakültəyə daxil oldum”.


Söhbət bitir. Ramiz Hüseynov demişkən, biz də düşünürük... Düşünürük ki, Azərbaycan Texniki Universitetində hazırlanan kadrlar vətəni qoruyan əsgərlər üçün müasir silahlar hazırlayan kadrlar kimi yetişəcəklər. Uğurlar!

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər