20 İyun 2014 17:43
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Məhsuıdarlığın az olmasından istifadə edib qiyməti daha da artıracaqlar”

Adətən may ayı üçün xarakterik olan qeyri-sabit hava şəraiti iyun ayında baş verir. Leysan, küləklə müşahidə olunan yağış, qasırğa və sair bu kimi təbii fəlakət kənd təsərrüfatına da ziyansız ötüşmür. Leysan yağışlar bir çox rayonlarda xüsusən taxıl və otlaq sahələrinə ciddi ziyan vurub.

Dünya bazarında buğdanın qiyməti 15 faiz artıb

Kənd təsərrüfatına dəyən ziyan da nəticə olaraq qiymətlərə öz təsirini göstərir. Məsələn, hazırda heyvandarlıq üçün ot və ot məhsullarında çatışmazlıq və bahalıq müşahidə olunur. Dünya bazarında buğdanın qiymətində də 15 faiz artım mövcuddur.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmovun bildirdiyinə görə, bu il ümumiyyətlə, ot məhsulunun az olacağı gözlənilir, taxılla bağlı isə məhsuldarlıq çox aşağı olacaq: “Rəsmi strukturların ötən il və bu il təqdim etdiyi statistikanı götürsək, taxılla bağlı azalma 5 sentner həddindədir. Bu da təxminən 25 faiz azalma deməkdir”.

Səbəb təbii fəlakət deyil

Ekspert həm taxıl, həm ot istehsalında məhsuldarlığın az olmasını təbii fəlakətlə, hava şəraiti ilə əlaqələndirməyi düzgün hesab etmir. Onun fikrincə, hazırda fermerləri ciddi narahat edən, qasırğa və leysana görə taxıl sahələrinin yatması taxıl bitkisinin zəif olması ilə əlaqədardır. Bunun isə bir neçə səbəbi var: “Bitki zəif olduğu üçün yağış yağanda, yağış küləklə müşayiət olunduqda bitki yatır. Bu ona görə baş verir ki, torpağa kifayət qədər üzvi gübrə, mineral gübrə verilmir, aqrotexniki qaydalara düzgün əməl olunmur”.

Bitki stress amillərə - yağışa, küləyə, qasırğaya dözümlü olmalıdır

Üstəlik, bitki toxumlarının stress amillərə dözümlülüyü nəzərə alınmalıdır. Toxumçuluqla məşğul olan institutlar elə sortlar yetişdirməlidir ki, Azərbaycan mühitində yarana biləcək təbii hava şəraitinə, yağışlı, küləkli havaya və bu kimi stress amillərə bitki dözümlü olsun. Sonrakı etapda fermer torpağın münbitliyinin qorunub-saxlanması, torpaqda kifayət qədər mineral maddələrin olması üçün üzvi-mineral gübrələr verməlidir, aqrotexniki qaydalara əməl olunmalıdır. Ona görə hava bir az qeyri-stabil olanda bitki dözümsüz olur. Başqa ölkələrdə stress amillərə dözümlü olan kifayət qədər belə toxumlar yetişdirilir.

Vahid Məhərrəmov təəssüflə bildirdi ki, ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra problemlər öz həllini tapmaq əvəzinə, getdikcə dərinləşir: “Neçə ildir biz deyirik ki, növbəli əkin sisteminə keçilməlidir. Amma təəssüf ki, şişirdilmiş rəqəmlərlə kənd təsərrüfatındakı çatışmazlıqlar ört-basdır edilir”.

Fermerlərə gecikmiş məsləhət...

Qeyd edək ki, ötən həftə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirmişdi ki, hava şəraiti ilə əlaqədar yatmış taxıl sahələrində məhsulu itkisiz və sürətli toplamaq üçün Tərtərdə fermerlərə taxılçılığa həsr edilmiş müşavirə keçiriləcək. Mütəxəssislər, alimlər və fermerlərin iştirakı ilə keçiriləcək tədbirdə yeni texnologiyalardan istifadəsinə baxış keçiriləcək.

Vahid Məhərrəmov isə bildirdi ki, fermerlərə taxılı itkisiz yığmaq barədə məsləhətlər vermək səpindən öncə aparılmalıdır. Fermerlər səpindən öncə toplanmalı və məlumatlanmalıdır ki, hansı aqrotexniki qaydalardan istifadə olunsa, qış vaxtı zərərvericilərə qarşı hansı mübarizə aparılsa, bitkinin stress amillərə dözümlü olması üçün hansı tədbirlər görülsə, məhsuldarlıq artar və məhsul itkisiz toplanar.

İstehsalçılar az məhsuldarlıqdan istifadə edib qiyməti qaldıracaqlar

Bütün bunlar nəzərə alınmadığı üçün ekspert hesab edir ki, məhsuldarlıq az və məhsulun keyfiyyəti aşağı olacaq: “Çünki torpaqda kifayət qədər qidalanma elementləri olmadığına görə, bitkilər normal qidalana bilmir, bitkilərin normal generativ orqanları formalaşmır və apardığımız müşahidələr də onu deməyə əsas verir ki, dən də keyfiyyətli deyil. Ölkə daxilində istifadə olunan bu məhsul daha çox yemçilikdə istifadə edilir. Bu da ona gətirib çıxaracaq ki, heyvandarlıqda yemçilik sahəsində defisit yaranacaq, istehsalçılar da bundan istifadə edib qiyməti qaldıracaqlar”.

Buğdanın qiymətində daha ciddi artımı baş verə bilər

Ekspert dedi ki, dünya miqyasında da hazırda vəziyyət ürəkaçan deyil. Bir sıra ölkələrdə müharibə ilə bağlı ciddi problemlər yaranıb. Ukrayna, Rusiya kimi ölkələr Qara dəniz vasitəsi ilə ixracı normal həyata keçirə bilmirlər, ona görə də dünya bazarında da buğda ilə bağlı qiymət artımı mövcuddur və qiymət təxminən 15 faiz artıb. Bu da ümumi bazara təsir edib: “Üstəlik, bəzi ölkələrdə, xüsusən ərəb ölkələrində quraqlıq olub, Bu da buğdaya tələbatı artırıb, ona görə də buğdanın qiymətində ciddi artımı baş verə bilər”.

Sevil HİLALQIZI


Müəllif: