“5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ələt-Salyan magistral avtomobil yolunun 5-8-ci kilometrliyinin yol kənarında salınmış yaşıllıq sahəsində iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və nazirliyin əməkdaşları ilə yanaşı, ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 500-ə yaxın nümayəndəsi iştirak edib.
Aksiyada 320 hektar sahədə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.
Qeyd edək ki, iməcilik keçirilən ərazidəki yaşıllıq sahəsi 2012-ci ildə salınıb. Yolboyu salınan yaşıllıq sahəsi göstərilən aqrotexniki qulluq sayəsində artıq meşə massivinə çevrilib.
Xatırladaq ki, ETSN tərəfindən Ələt-Salyan yolunda yaşıllaşdırma işlərinə 2010-cu ildən başlanılıb. Bu müddət ərzində 752 hektar ərazidə müasir damcılı suvarma sistemi quraşdırılıb. Ərazidə zeytun, şam, sərv, akasiya, oleandr, göyrüş, tuya, fıstıq şamı, qarağac, nar, badam, tut, iydə və s. növdə 839 min ədəd ağac və kol bitkiləri əkilərək becərilib. O cümlədən 2016-cı ilin yazında sözügedən ərazinin 20 hektarında 17 minə qədər müxtəlif növdə ağac əkilib. Ərazilərin suvarılması məqsədilə Şirvan kollektorunun üzərində hər biri 2500 m3- gün gücündə iki ədəd duzsuzlaşdırma kompleksi tikilib. Eyni zamanda 2013-cü ildə istifadəyə verilmiş gücü 1000 m3 olan Xəzər Dənizi Suyunun Duzsuzlaşdırma Zavodunda da bu il əlavə olaraq gündə 1000 m3 həcmində sutəmizləyən yeni xətt tikilərək istifadəyə verilib. Beləliklə, Şirvan kollektoru və Xəzər dənizindən götürülərək duzsuzlaşdırılan suyun ümumi həcmi gündə 7000 m3 -ə çatdırılıb ki, bu da 2016-cı və sonrakı illərdə salınacaq 300 hektardan artıq yaşıllıq sahəsinin suvarılmasına kifayət edəcək.
Qeyd edək ki, “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.