Oğlanlar nə vaxt ailə quracaqlarını, qızlar hara gedəcəklərini bilmirlər
"İnternat Məzunlarının Sosial İnteqrasiyası" (İMSİ) Gənclər İctimai Birliyi bu yaxınlarda Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsəydi, bir neçə həlli vacib problem gündəmdən kənarda qalacaqdı. Orta məktəblə vidalaşdıqdan sonra çox hallarda himayədən tamam məhrum olan gənclər yaşamağa yer, təhsilə davam etmək üçün imkan, müəyyən ixtisasa sahib olmaq və iş tapmaq üçün dəstək problemləri ilə üz-üzə qalırlar. 300-dən çox üzvü olan yeni təşkilatın bu baxımdan xeyli qayğıları var.
İMSİ-nin fəaliyyəti, qayğıları və görəcəyi işlərlə tanış olmaq məqsədilə təşkilatın fəalları ilə görüşdük. Bakının Nizami rayonunda ,Neft Şirkətinin yataqxanasında İMSİ-nin fəaliyyəti üçün bir otaq da ayrılıb. İnternatı bitirib yaşayış yeri olmayan 30 gənc hazırda Nizami rayon icra hakimiyyətinin nəzdində olan yataqxanada məskunlaşıb.
Məramımız faydalı olmaqdır
İMSİ-yə rəhbərlik edən Araz Əhmədov öncə bizdən xahiş etdi ki, onu təşkilatın rəhbəri kimi təqdim etməyək: "Çünki burda hamı bərabərhüquqlu insandır. Bizdə rəhbər-filan yoxdur. Prinsipimiz budur ki, problemi həll edən hər gənc digər məzunun probleminə yardımçı olmağa borcludur. İlkin məramımız yaranmış şəraitdən istifadə edib həm dövlətimiz, həm cəmiyyətimiz, həm də hər birimiz üçün faydalı olmaqdır".
Təşkilatın digər fəalı Əli Əliyevin sözlərinə görə, İMSİ "Gücümüz birliyimizdədir" şüarı ilə fəaliyyətə başlayıb: "Gənclər üçün təşkilatımız cəlbedicidir. Yeni gələn üzvümüz Fərrux Şirməmmədov uzun müddət soraqlayandan sonra gəlib bizi tapıb".
İMSİ necə yaranıb?
Araz Əhmədov dedi ki, İMSİ-nin bir neçə üzvü öncə "Dan" Gənclər İctimai Birliyinin üzvü olub. İMSİ internat məzunlarının təsisçiliyi ilə yaranıb:
"İndiyədək internat uşaqları haqqında eşidəndə cəmiyyət onlarla məsafəli davranıb ki, bunlar ata-ana tərbiyəsi görməyib, cəmiyyət üçün təhlükəli ola bilərlər. Bu cür münasibət gənclərimizi də bir növ cəmiyyətdən təcrid edib, onlarda ruh düşkünlüyü yaradıb. Təşkilatın fəalları 12 ildir fəaliyyət göstərən "Dan"-ın tərkibində olub. Bu təşkilatın rəhbəri Gülarə Teymurova hər birimizə görə çox zəhmət çəkib, bizə ana qayğısı göstərib. Tövsiyə etdilər ki, biz ayrıca ictimai birlik kimi fəaliyyət göstərsək, bu, gənclərin cəmiyyətə inteqrasiyasında daha yaxşı yardımçı ola bilər.
Çox sağ olsunlar ki, təşkilat kimi formalaşmağımızda onlar bizə yaxından köməklik etdilər və bu gün də əməkdaşlığımız davam edir. Biz də heç yerdə internat məzunu olmağımızdan utanmadıq. O təşkilat vasitəsi ilə özümüzü ictimaiyyətə tanıtdıq. Bu fəallıqdan sonra problemlərimizə yanaşma forması da dəyişib. Hər il "Dan" təşkilatının xətti ilə Mehriban Əliyevanın himayəsi nəticəsində 10 gəncimiz Neft Şirkətinə işə götürülür.
"Dan" təşkilatı onları psixoloji reabilitasiyadan və müxtəlif peşələr üzrə kurslardan keçirdikdən sonra işlə təmin edirlər. Tornaçı, qaynaqçı, elektrik,operator, kran maşinisti və sair peşə sahibi olub neft sahəsində işləyənlərimiz var. 9 gənc Qızıldaş qəsəbəsində qəza vəziyyətində olan yataqxanadan bura cəlb olunub. Qızların da laborant, operator, tabelçi ixtisaslarına yiyələnərək işlə təmin olunması planlaşdırılıb. Nizami rayonunda Neft Şirkətində işləyən 56 gənc üçün bina tikildi və hər bir əşya ilə təmin olunmaqla onlara ev verildi. Bu çox yaxşı nümunədir.
Fövqəladə Hallar Nazirliyində, Dövlət Sərhəd Xidmətində çalışmaq imkanı olan fiziki və intellekt cəhətdən imkanlı gənclərimiz var. Biz bu cür qurumlara gənclərimizin xidmətini təklif etmək niyyətindəyik".
Təzə ailə quran Fərxan Gözəlov dedi ki, həmin layihənin xətti ilə Təlim-tədris Sertifikatlaşdırma Departamentində 8 aylıq kurs keçir. Hazırda elektrik peşəsinə yiyələnir: "Kurs ərzində bizə yüksək ixtisas təhsili verilir, yemək, məvacib və geyimlə təmin olunuruq. Zərgər ixtisasım da var, bu işlə də məşğul oluram".
İMSİ-nin nizamnaməsindən danışan Araz Əhmədov dedi ki, internat məzunlarının sığınacaq yerləri, cəmiyyətə inteqrasiyası, sağlamlığı, asudə vaxtının təşkili, peşə ixtisasının seçilməsi, işlə təminatı, hüququ, vəzifələri və sair insan həyatı üçün tələb olunan vacib məsələlər əks
olunub:
"Nizamnamədə əks olunan məsələlərin həlli üçün bütün imkanlarımızdan istifadə etmək istəyirik".
İnternat məktəbini bitirən məzunlar hara gedəcəyini bilmir...
Əli Əliyev: "Hər bir gəncimizin problemi bir neçə sahəni əhatə etdiyindən bizim təşkilata maddi və mənəvi dəstək lazımdır. İnternatı bitirən məzunun əksər hallarda qeydiyyat problemi olur. Çünki internat məktəbinin rəhbəri əksər hallarda onları qeydiyyatda saxlamaq istəmir. Qızlar hara gedəcəyini bilmir. Oğlanlar əsgərlikdən qayıtdıqdan sonra getməyə yerləri, tanıdığı yaxını yoxdur, onlar da bizə qoşulmalıdır".
Araz Əhmədov: "Biz ilk növbədə vəzifələrimizi göstərməyə üstünlük veririk. Bundan sonra öz hüquqlarımız çərçivəsində cəmiyyət üçün faydalı olmağa çalışırıq. "Valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar haqqında" qanunda nəzərdə tutulub ki, hər bir gəncə fərdi yaşayış
tikintisi üçün torpaq sahəsi ayrılır, qaytarılmayan ssuda verilir, səhiyyə və təhsillə bağlı bir sıra güzəştlər olunur. Bu qanunların işlək olması üçün təşkilatımızın hüququ şöbəsi də fəaliyyət göstərməyi qərarlaşdırıb".
"Tornaçıdan tutmuş təyyarəçi, müğənni və alimə qədər..."
Əli Əliyev: "Hazırda Amerikada hüquqşünas təhsili alan məzunumuz Gülay Hacıyeva geri döndükdən sonra təşkilatımızda çalışacağını bildirib. Bundan başqa "Dan"ın xətti ilə Moskvada 10 məzunumuz ali məktəblərdə təhsil alır, onlar geri dönüb təşkilatımızda çalışacaqlarını deyiblər. Bizim aramızda rəssam da, musiqiçi də, təyyarəçi də, alim də, fəhlə də yetişməkdədir. Məsələn, Xəyal Xan "Eurovision" yarışına seçimlərdə iki il ardıcıl iştirak edib. Musiqi təhsili yoxdur, amma onun istedadı olması peşəkarlar tərəfindən bəyənilib, sadəcə, imkansızlıq üzündən, SMS-ə görə yüksək turları keçə bilməyib. Reperimiz Məmmədağa Mayılov, çox istedadlı gəncdir ".
31 yaşlı Xəyal Tağıyev (Xan) dedi ki, "Eurovision"da iştirakı zamanı valideynsiz olduğunu bildirməyib: "Ona görə yox ki, bu fakt mövcuddur. Ona görə bildirmədim ki, kimsə yazığı gəlib mənə dəstək verməsin, öz bacarığıma uyğun cəmiyyətdə mövqe tuta bilim".
Xəyal hazırda 6 mahnı yazıb, təşkilat üçün himn də yazmağı planlaşdırır.
Rəşad Feyziyevin 5 illik musiqi təhsili də var, respublika üzrə musiqi yarışmasında 11 rayon arasında 1-ci yeri tutub. "Xalq ulduzu"nda iştirak edib:
"Yarışmanın tələbinə görə, efir üçün yaxşı kostyumla çıxmalı idim. Buna da imkan olmadığı üçün müsabiqədə iştirak edə bilmədim".
Araz Əhmədov: "Bəlkə də bu ifadəm qəribə səslənə bilər: Təşkilatımızın üzvləri arasında indiyədək cinayət məsuliyyətinə cəlb edilən olmayıb. Mən fəxrlə deyirəm ki, 200-dən çox qardaşım, 50-dən çox bacım var. Sayımız gün-gündən artır. Bizim aramızda elə birlik var ki, müxtəlif sektalar
cəhd etsə də, aramıza nüfuz edə bilməyib. Hətta bir dini təşkilat "Aqua-Park"da 3 gün onlara istirahət təşkil edib, gənclərimiz etika xatirinə bu tədbirdə iştirak edib, amma bu dini təşkilatın təklifini qəbul etməyiblər. Aramızda hətta siqaret, spirtli içki kimi zərərli vərdiş aludəçiləri də demək olar ki, azdır. İkinci belə bir təşkilat tanımıram ki, bizim gənclər qədər bir-birinin təəssübünü çəksin".
Xəyal isə təəssüflə bildirdi ki, təşkilat üzvləri arasında cəmiyyətdə insanlarla, xüsusən digər gənclərlə sıx ünsiyyət yaratmaq problemləri yaşanır: "Bu baxımdan təşkilatımızda psixoloq fəaliyyətinə də ehtiyac var".
Yaşayış yeri olmayan gənclərimiz ailə qura bilmir
Araz Əhmədov: "Təşkilatımızın gənclərimizdən düzgün istifadə edilsə, onlar cəmiyyət üçün çox faydalı olar. Yetər ki, hüquqlarımız çərçivəsində bizə dəstək verilsin. Biz hamımız kollektivdə böyümüşük. Əksəriyyətimiz ölkəmizin müharibə şəraiti olan dövründə təhsili almışıq, bir-birimizə dayaq ola-ola bu mövqeyə gəlib çatmışıq. Ona görə də Təhsil Nazirliyinə müraciət etmək niyyətindəyik, internat məktəblərinin şagirdləri ilə görüşə getdikdə qapı arxasında qalmayaq.
Çünki bu gənclər internat uşaqlarının problemlərini daha yaxşı bilir. Digər tərəfdən, dövlət qayğımıza qalıb və borcumuzdur ki, biz də dövlətə gərək olaq. Bunun üçün də gənclərimizin böyük problemlərində əsaslı addımlar artırmalıdır. Gənclərimizin daimi yaşayış yeri üçün torpaq sahəsi ayrılsa, çoxmərtəbə bina inşa olunsa, orda öz gənclərimizdən işçi qüvvəsi olaraq istifadə oluna bilər. Yaşayış yeri olmaması üzündən gənclərimiz ailə qura bilmir, elələri var, artıq gənclik yaşını da ötüb. Halbuki bunların cəmiyyətə sağlam övlad vermək imkanları var. İldə internat məktəblərinin 50-dək məzunu olur, onların sosial problemlərinin həlli üçün məncə, iqtisadiyyatımızın imkanı yetərlidir".
Yeni qayda
Bu günlərdə Nazirlər Kabinetinin qərarı ilə "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Ötən ilin dekabrında isə "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda da edilən dəyişikliyə görə, doktorantura və rezidentura təhsili alan bu cür gənclərə şamil olunub.