Bu yaxınlarda Sumqayıta yolum düşdü. Hava isti olduğu üçün əl-üzümü yuyub sərinləmək istədim. Nəsimi parkından mərkəzi bazara gedən yolda gözümə bir bulaq sataşdı. Yaxınlaşanda məlum oldu ki, bulağa su gəlmir, üstəlik, ətrafını toz-torpaq basmışdı.
Bulaq 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində şəhid olmuş Yadigar Şahmərdanovun xatirəsinə çəkilmişdi.
Şəhid Yadigar bulağının üstünə iki bənd şeir də yazılmışdı:
Gözlərindən oxuyuram
Toysuz oğlan, nə deyirsən...
Yəqin sən də başqası tək
Gözəl bir toy istəyirsən.
Abidənin önündəyəm
Baxışların nələr deyir...
Arzuların qatar-qatar,
Diləklərin söz istəyir.
Bu zaman həmin ərazidə yaşayan Nuriyyə Məmmədova bizə yaxınlaşdı, bulağın baxımsız qalmasından şikayətləndi. Sakinin sözlərinə görə, bir müddətdir şəhid bulağında su da gəlmir: “Çoxdan tikilmiş abidədir. Əvvəllər su gəlirdi, ətrafdan keçən insanlar ondan istifadə edirdilər. Vaxt ötdükcə baxımsız hala düşdü. Bu kiçik abidəyə kimin nəzarət eləməli olduğunu bilmirik”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İnformasiya təminatı və təhlili sektorunun müdiri Ənvər Hüseynov bildirdi ki, Sumqayıt şəhərində “Göyərçin” deyilən ərazidəki şəhid bulağı mərhumun ailəsinin istəyi ilə tikilib: “Tarixi barədə dəqiq məlumatım yoxdur. Yəqin 1990-cı illərdə tikilər. Bu cür abidələr sakinlərin öz təşəbbüsü ilə inşa olunur. Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edirlər və bulağın tikilməsinə icazə verilir. Təmizliyinə, səliqə-sahmanına biz cavabdeh deyilik. Xatirə bulağını ailə özü çəkdirib deyə, təmir və nəzarət də onların, yəni ailənin və ya sakinlərin üzərinə düşür”.
Ənvər Hüseynovun sözlərinə görə, şəhid bulağına suyun gəlməməsi probleminin icra hakimiyyətinə aidiyyəti yoxdur: “Şəhid bulağına niyə su gəlmir, deyə bilmərik... Bəlkə təsadüfən siz orda olanda su gəlməyib”.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, şəhərin təmizliyinə, səliqə-sahmanına mənzil-kommunal birlikləri və bələdiyyələr baxır: “Təmizlik məsələlərinə mənzil-kommunal birliklərinin müvafiq strukturu nəzarət edir. Məhəllədaxili şəhid abidələrinə bəzən bələdiyyələrin mənzil-kommunal qurumu cavabdeh olur. Elə bələdiyyələr var, onların xidmət sahəsi yaxşı inkişaf edib. Maşını, 15-20 təmizləyicisi var. Əgər abidə respublika əhəmiyyətlidirsə, onun mühafizəsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarətindədir”.
İctimai Birlik sədrinin sözlərinə görə, hər hansı ərazidə şəhidin xatirəsinə abidə, bulaq tikilirsə, rayon və şəhər icra hakimiyyətinin təklifi ilə məsələyə Nazirlər Kabinetində baxılır. Müsbət cavab alındıqda həmin ərazidə, binanın həndəvərində, məhəllədə abidə qoyulur: “Bulaq tikilməsinə icazə verilibsə, ona nəzarət üçün rayon icra hakimiyyətinin büdcəsindən pul ayrılır. Qanunda elə bir şey yoxdur ki, abidə qoyulubsa, ona vətəndaş nəzarət etməlidir. Vətəndaş şəhidin adını yaşatmaq üçün bulaq tikilməsinə icazə ala bilər. Amma o, pulla fəhlə tutub şəhid bulağını təmizlətmir. Bu, məntiqsiz izahdır”.
“Qəsr” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlöv da analoji fikirdədir. Onun sözlərinə görə, bulağın, abidənin tikintisinə icra hakimiyyəti orqanı icazə verir: “Sakin özü istədiyi yerdə bulaq tikə bilməz. Belə olsa, qanunsuz tikili sayılar. Məsələn, icra hakimiyyəti orqanı abidənin tiklildiyini bilir və onun tikintisinə göz yumur.
Bir də var, rəsmi icazə verilir. O zaman yerli icra hakimiyyəti qurumunun tərkibindəki Mənzil-Kommunal Təsərrüfat Birliyi həmin bulağın təmizliyi ilə məşğul olmalıdır”.
Fəxrəddin Gözəlöv qeyd edib ki, “Qəsr” İctimai Birliyi ölkə ərazisində abidələrin davamlı monitorinqini aparır: “Bizim monitorinqlərdə şəhid bulağı kimi abidələr qeydə alınmayıb. Əgər bu cür tikili qanuni şəkildə tikilibsə, vətəndaş ərizə yazıb bizə müraciət edə bilər. Bu zaman onun qorunmasına kömək göstəririk”.
Bu problemi işıqlandırmaqda məqsədimiz şəhidlərin xatirəsinə çəkilmiş bulaqların, abidələrin səliqə-sahmanına diqqət çəkməkdir. Axı onlar vətən üçün canlarından keçiblər.
İlhamə Əbülfət