İyunun 7-də Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin gənclər və idman Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Şahin İsmayılov, gənclər təşkilatlarının təmsilçiləri, tələbələr və fəal gənclər iştirak ediblər.
İki dövlət qurumu arasında tədbirlər planının təsdiq edildiyini bildirən nazir müavini İntiqam Babayev bildirib ki, Bakıda və digər rayonlarda multikulturalizmlə bağlı müxtəlif seminar və "dəyirmi masa"lar təşkil edilir: "Multikulturalizm dözümlülük deməkdir və bu dəyərin Azərbaycanda dərin kökləri var. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri birgə yaşayır və onların hüquqları yüksək səviyyədə qorunur. Multikultural dəyərlərə sahib olmaq xoşbəxtlikdir. Bu dəyərlər olmadıqda müxtəlif problemlər meydana çıxır".
Azərbaycanda multikulturalizmlə bağlı çoxsaylı tədbirlər keçirildiyini vurğulayan komitə sədri M.Qurbanlı qeyd edib ki, bugünkü tədbir gənclər təşkilatları üçün nəzərdə tutulub. Burada müzakirə edilən məsələlər onların gələcək fəaliyyətində tətbiq ediləcək.
Komitə sədri bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri Azərbaycan Konstitusiyası ilə tənzimlənir: "Azərbaycan müsəlman ölkəsi olaraq dünyada özünəməxsus yerə malikdir. Xalqımız İslam dinini qoruyaraq bu günədək gətirib çıxara bilib. Sovet dövründə dini məsələlərlə bağlı böyük maneələr mövcud idi. Ənənəvi İslam dəyərləri unudulmağa başlanırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu kimi maneələr aradan qaldırıldı. Ümummilli Liderin İslam dininə verdiyi qiymət onun fəaliyyətində də bariz şəkildə əksini tapıb. Ulu Öndərin iftar süfrələrinə qatılması, Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən təşkil edilən tədbirlərdə iştirakı, eləcə də müqəddəs yerləri ziyarət etməsi İslam dəyərlərinə verdiyi qiymətin əsas göstəricilərindən hesab edilir".
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Konstitusiya qəbul edildikdə dünyəvilik əsas prinsip olaraq irəli sürülüb: "2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycan tarixinə nəzərə salsaq görərik ki, ölkəmizdə heç zaman dini zəmində qarşıdurma olmayıb. Xalqımız bütün xalqlara qarşı dözümlülük nümayiş etdirib. Əgər belə olmasaydı, o zaman Azərbaycanda yaşayan 70-dən çox etnik qrup mehriban şəkildə yaşaya bilməzdi. Biz bu dəyərləri bütün dünyaya nümayiş etdiririk. Azərbaycanın dünya ölkələri arasında gücü hər kəsə bəllidir. Məhz bunu gözləri götürməyən qüvvələr demokratiya pərdəsi altında ölkəmizə qarşı müxtəlif təzyiqlər etməyə, qarşıdurma yaratmağa cəhd edirlər. Lakin Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur. Bəzi radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa çalışırlar. Hətta bəzən gənclərimizi fanatik dini qrupların təsiri altına salıb xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərinin şahidi oluruq. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır".
F.Muradov bildirib ki, bir müddət bundan əvvəl bəzi gənclərimiz dini radikal qrupların təsir altına düşərək başqa ölkələrdəki döyüşlərə qatılırdılar: "Lakin Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik müsbət nəticələrini verir. Artıq belə halların qarşısı demək olar ki, alınıb. Bu kimi halların baş verməməsi üçün təhsilin də böyük önəmi var. Statistika göstərir ki, belə addım atanların böyük əksəriyyəti təhsili olmayan şəxslərdir. Bu məsələyə Təhsil Nazirliyi də diqqəti artırmalıdır".
S.Orucov diqqətə çatdırıb ki, Azərbaycan multikultural baxımdan dünya ölkələri üçün nümunədir. Digər çıxış edənlər də ölkəmizdə mövcud olan multikultural dəyərləri yüksək qiymətləndiriblər.