8 İyun 2016 17:02
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışlarına hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə FHN-in “Formula-1” yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlı fəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

FHN-in “Formula-1” üzrə əlaqələndiricisi polkovnik Cavanşir Həşimov görülən işlərdən ətraflı bəhs etmiş, belə tədbirlərin keçirilməsinin yarışlar öncəsi əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək edəcəyini vurğulayıb.

Daha sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Əməliyyat departamenti obyektlərin idarəedilməsi üzrə mütəxəssisi Ləman Həsənova, Əməliyyat departamenti idman üzrə menecerinin müavini Vladislav Vorapayev, Təhlükəsizlik departamentinin təhlükəsizlik üzrə koordinatoru Məsturə Ədilova “Formula-1” yarışları zamanı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışmış, yarışlar müddətində baş verə biləcək hər hansı bir hadisəyə operativ reaksiya verilməsinin zəruriliyini vurğulayıb.

Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər