Bakı Apelyasiya Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderin qətli ilə bağlı həbs olunan Türkiyə vətəndaşı Yaşar Sümerin azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından prokurorluğun verdiyi protestə baxılıb.
Teleqraf.com xəbər verir ki, cəza çəkmə müəssisəsində cəza çəkən Yaşar Sümer qalan cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi barədə Xəzər rayon Məhkəməsinə etdiyi vəsatəti təmin edilib.
Məhkəmənin qərarından narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya protesti hakim Qədim Babayevin icraatında baxılıb.
İyunun 9-da keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Xəzər rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qərarı ləğv edilib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
Bu hökmdən həm Baş prokurorluq apelyasiya protesti verib, həm də təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Yaşar Sümerin apelyasiya şikayətləri təmin edilməyib. Digər təqsirləndirilən Kənan Babayevə münasibətdə cinayət işinin icraatı ayrılıb və iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti, eyni tələblə çıxış edən zərərçəkmişin hüquqi varisinin də apelyasiya şikayəti təmin edilməyib. Bu hökmü Ali Məhkəmədə qüvvədə saxlayıb.
Qeyd edək ki, 2013-cü ilin mayın 2-də Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərova 15 il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Elman İsgəndərov cəzasının yüngülləşdirilməsini istəyib.
Baş prokurorluq isə apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Həmçinin Baş Prokurorluğun protesti təmin edilib. Seymur Talıbov barəsində isə yeni qərar qəbul edilib.
Məhkəmə Seymur Talıbovun yenidən məsuliyyətə cəlb olunmasına qərar verilib. Seymur Talıbovun cəzası başa çatdığından məhkəmə onun barəsində yenidən axtarış elan olunması haqda qərar çıxarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov və Seymur Talıbov cəzalandırılıblar. Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır.
Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Hacı Zeynalov