Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il noyabr ayında Elşən Nəsirov əmisi oğlu Elnur Nəsirovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Eləşən Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.
Hadisənin namus üstündə baş verdiyi bildirilib. Belə ki, uzun illərdir ki, Elnur Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş.
Bu məsələdən hər iki ailənin üzvləri də xəbərdar imiş. Lakin sonradan Elnur Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub.
Elnur Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.
Məhkəmənin hökmü ilə Elşən Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov