Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Rzayevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.
Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Samir Rzayevin saxta sənədlər əsasında “Günəş Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Z.Əhmədbəyov küçəsində inşa edilmiş yaşayış binasında ümumi sahəsi 212 kvadratmetr olan 4 otaqlı mənzilin Bakı şəhər sakininə satılması adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən şəxsi evininin satılmasına hüquq verən notarial qaydada təsdiq olunmuş etibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr müəyyən olunub.
Samir Rzayev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Samir Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov