14 İyun 2016 16:50
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı Mübariz Mirili ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən Fərid Sadıqov ifadəsində bildirib ki, yanğın baş verən binanın üzlənməsində, görülən işlərdə onun heç bir payı olmayıb, adı çəkilən şirkətinin təsisçisi və ya işçisi olmayıb.

Məhkəmə prosesi iyunun 28-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər