Bakı Ağır Cinayətlər Məhkəməsində 1980-cı il təvəllüdlü Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ruslan Əliyev qeyri-rəsmi nikah münasibətində olduğu Reyhan Şahbazovanın yaşadığı mənzildən müxtəlif vaxtlarda oğurluq edib.
Ötən ilin yanvar ayında mənzildə kimsənin olmamasından istifadə edən Ruslan Əliyev Reyhan Şahbazovanın gəlininin qızıllarına “əl gəzdirib”. Qızıl-zinət əşyalarının onun tərəfindən oğurlanmasından şübhələnmədiklərini görüncə isə, daha da ürəklənib. Növbəti dəfə gəlinin cehizlərini talayaraq ona 20 min manata yaxın ziyan vurub.
Çox keçməyib ki, mənzilin kənar şəxslərin deyil, məhz R.Əliyev tərəfindən qarət edilməsi aşkarlanıb. Polisə şikayət olunub və R.Əliyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ruslan Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov