Cəlilabad rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muğan kəndində qeydə alınıb.
Kənd sakini İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə gəlib. O, Şamama Qürbətova və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsinə balta ilə zərbələr vurub.
Daha sonra İsgəndər Əliyev böyük oğlu Fəridlə əlbəyaxa olub. Ata 17 yaşlı oğlunu əlləri ilə boğmaq istəsə də, bunu bacara bilməyib. Bu zaman səs-küyə qonşular gəlib. Hadisə yerinə çox adamın toplaşdığını görən İsgəndər Əliyev oradan qaçıb.
Şamama Qürbətova və Səid Əliyev xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.
Bir müddət əvvəl İsgəndər Əliyev həyat yoldaşı ilə rəsmi qaydada boşanıblar. Məhkəmə övladlarının 18 yaşlı tamam olana kimi İsgəndər Əliyevin aliment ödəməsi barədə qərar çıxarıb.
Amma İsgəndər Əliyev alimenti ödəməkdən boyun qaçırıb. Bununla bağlı Şamama Qürbətova müvafiq qurumlara müraciət edib.
Keçmiş arvadının ondan şikayət etməsindən əsəbləşən İsgəndər Əliyev bu cinayətə əl atıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov