Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində iki qonşunun mübahisəsi qətllə nəticələnib. Hadisə Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindəki 31 saylı binanın qarşısında qeydə alınıb.
Həmin binada yaşayan 32 yaşlı Kamran Bağırov məhəllədə qonşu gənclərlə söhbət edirmiş. Bu vaxt 29 yaşlı Cümşüd Rüstəmov onlara yaxınlaşıb. İçkili olan Cümşüd Kamranla mübahisə edib, Kamranı nalayiq söyüşlərə təhqir edib. Bu zaman Kamran bıçağa əl atıb. Nəticədə Cümşüd aldığı zərbələrdən ölüb.
İlkin dindirilmə zamanı Kamran Bağırov baş verənlərə görə peşmanlıq çəkdiyini deyib. Onun sözlərinə görə, sərxoş Cümşüd Rüstəmov digər qonşularla, daha sonra onunla söyüş dolu zarafat etməsəydi, hadisə bu cür nəticələnməzdi.
Kamran Bağırov Cümşüdü bıçaqladıqdan sonra könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gələrək təslim olub.
Hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkən şəxsin nümayəndəsi cinayət işini geri qaytarılmasını istəyib. Bildirib ki, cinayət xuliqanlıq niyyətində törədilib və verilən ittiham ağırdırılmalıdır. Qeyd edək ki, Kamran Bağırov Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunur.
Hakimlər vəsatəti təmin etməyib, məhkəmə baxışı iyunun 1-ə təyin edilib.
Hacı Zeynalov