25 İyun 2016 10:06
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Mehmet Halil oğlu Sünmez barəsində məhkəmə qərarından apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçən prosesdə Mehmet Sünmezin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Məhkəmədə qeyd olunub ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Mehmet Sünmezin Türkiyəyə ekstradisiya olunması barədə məsələyə baxılıb. Məhkəmə Mehmet Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib.

Amma Mehmet Sünmez Türkiyəyə verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin qərarının ləğvini, Azərbaycanda yaşamasını qanuniləşdirən qərar qəbul edilməsini istəyib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Türkiyə vətəndaşının apelyasiya şikayəti təmin olunmayıb.

Məhkəmə yekun qərar qəbul etdiyi üçün Mehmet Sünmez bu günlərdə Türkiyə hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

2004-cü il noyabrın 24-də Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci kilometrliyində, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib.

Hadisədən sonra Meltem Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qismində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb.

2015-ci ildə həmin qərar yenilənib və Yılmaz Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Yılmaz Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər