Daxili işlər orqanlarının əməkdaşları respublikanın dörd rayonu ərazisindən narkotiklərlə bağlı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsinin regional şöbəsi və Lerik rayon polis şöbəsi əməkdaşları Orand kəndi ərazisində əməliyyat keçirib.
Əməliyyat nəticəsində kənd ərazisində çəkisi 7 ton 430 kiloqram olan 16840 ədəd çətənə kolu aşkar olunub.
Növbəti belə bir əməliyyatı Gədəbəy rayon polis şöbəsinin əməkdaşları keçirib. Rayonun Miskinli kəndi ərazisindən çəkisi 947 kiloqram olan 1408 ədəd çətənə kolu tapılıb.
Bundan başqa, Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisindən çəkisi 1 ton 340 kiloqram olan 2680 ədəd, Bayramkoxa kəndi ərazisindən çəkisi 1 ton 890 kiloqram olan 3780 ədəd, Qazax rayon polis şöbəsi əməkdaşları tərəfindən Aslanbəyli kəndi ərazisindən çəkisi 3 ton 196 kiloqram olan 9836 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Hacı Zeynalov