23 İyun 2014 17:24
2 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon sakini, 61 yaşlı Əli İbrahimov həmkəndlisi, 1949-cu il təvəllüdlü Nizami Əliyevi öldürüb. Teleqraf.com-un xəbərinə görə, hadisə 19 dekabr 2012-ci il tarixdə baş verib.

Teleqraf.com-un məlumatına görə, Əli İbrahimov həmin gün, saat 07:30 radələrində işlədiyi Ağcabədi rayonununun Boyat kənd orta məktəbinə gedərkən həmkəndlisi Nizami Əliyevlə rastlaşıb. Onların arasında əvvəldən ədavət olub.

Nazim Əliyev həmin ədavəti davam etdirib və Əli İbrahimova nalayiq söyüşlər söyüb. Nizami Əliyev Əli İbrahimovu hədələyib. Həmin gün məktəbdən qayıdan Əli İbrahimovun yolu yenə də həmkəndlisinin evinin qarşısından düşüb. Bu zaman Nizami Əliyev Əli İbrahimova “sən kişi deyilsən, mavisən”, - deyə onu qonşularının yanında təhqir edib.

Müəllimlərin davası qətllə nəticələndi

Əli İbrahimov Nizami Əliyevin şəxsiyyəti alçaldan ifadələr işlətməsinə məhəl qoymayıb və öz evinə gedib. O, həmin gün Nizami Əliyevdən qısas almaq qərarına gəlib. Buna görə də o, Nizimini öldürmək qərarına gəlib.

Əli İbrahimov bu məqsədlə yaşadığı evin həyətindən odun doğradığı baltanı götürərək Nizami Əliyevin yaşadığı evə gəlib. O, həyət darvazasını döyüb və çölə çıxan Ayaz Əliyevdən atası Nizami Əliyevi çağırmasını xahiş edib.

Həmin vaxt evdə olan Nizami Əliyev küçəyə çıxıb və qonşusunu oğlu ilə küçədə söhbət edən görüb. Nazim Əliyev onun ünvanına təkrar nalayiq söyüşlər söyüb. Əli İbrahimov qonşusunun hərəkətlərindən daha da hiddətlənərək onu qəsdən öldürmək niyyətini həyata keçirib.

O, əlindəki balta ilə Nizami Əliyevin baş nahiyəsinə bir dəfə zərbə endirib. Nizami Əliyev aldığı zərbədən hadisə yerində ölüb. Cinayəti törədən Əli İbrahimov polis tərəfindən həbs edilib. Təqsirləndirilən şəxs və mərhum hadisə baş verən vaxta kimi Boyat kənd orta məktəbində müəllim işləyiblər.

Həmkarını öldürən müəllimin işi məhkəmədə

Əli İbrahimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Dəfələrlə Nizami Əliyev məni təhqir edib”

Əli İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nizami Əliyev ilə hələ cavan yaşlarından ədavəti olub: “Dəfələrlə Nizami Əliyev məni təhqir edib. Sonuncu dəfə 1993-cü ildə barışsaq da, Nizami Əliyev hər dəfə təklikdə olarkən məni söyüb, təhqir edib. O, şalvarının qabağını açaraq cinsiyyət orqanını nümayiş etdirib və mənim şəxsiyyətimi alçadıb. Hadisə olan günə kimi də aramızda narazılıq davam edib”.

“Nizami “sən mavisən, kişi deyilsən” – dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 19-da, saat 07-08 radələrində evdən çıxıb və Nizaminin evinin önündən keçərək məktəbə gedib: “Həmin vaxt Nizamini yaşadığı evin darvazasının çölündə sayğacla iş gördüyünü görsəm də, ona salam vermədim. Onun yanından sakitcə keçmək istədim. Amma Nizami məni gördü və “sən mavisən, kişi deyilsən”, – dedi. O, şalvarının qabağını göstərərək “səni buradan keçirəcəyəm”, - deyərək güldü. Bundan sonra məktəbə deyil, öz evimə tərəf getdim”.

“Odun doğradıqca Nizaminin məni söyməsini xatırladım”

Əli İbrahimov deyib ki, evinə qayıdan zaman Nizami Əliyevdən qisas almaq niyyətinə düşüb və onu öldürmək istəyib: “Həmin vaxt həyat yoldaşım məni gördü və evə qayıtmağımın səbəbini soruşdu. Həyat yoldaşıma odun peçini yandıracağımı dedim və çölə çıxaraq balta ilə odun parçalarını doğradım. Odun doğradıqca Nizaminin məni söyməsini xatırladım və əsəblərimi cilovlaya bilmədim. Odun doğradığım baltanı götürdüm və Nizaminin yaşadığı evin darvazasına tərəf getdim. Evə çatanda darvazanı döydüm. Nizaminin oğlu Ayaz çölə çıxdı. Ayazdan atasını çağırmağı xahiş etdim. Nizami darvazadan çölə çıxan kimi barmaqlarını gözümə tərəf uzadaraq yenə də məni təhqir etdi. Onun hərəkətlərinə dözə bilmədim və balta ilə onun baş nahiyəsindən vurdum. Nizami darvazadan evə daxil olmaq istəyəndə ikinci zərbəni vurdum. Bu zaman Nizami yerə yıxıldı. Yerə yıxılandan sonra Nizaminin mənə qarşı etdiklərini bir daha yadına saldım. Buna görə də ona daha bir zərbə vurdum. Bundan sonra evimə gəldim və həyat yoldaşım Dilşada Nizamini öldürdüyümü bildirdim. Sonra təslim olmaq üçün evdən çıxdım və kəndə gələn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərək təslim oldum. Əməlimdən peşmanam”.

Zərərçəkmiş və şahidləri dinləyən hakimlər sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Əli İbrahimov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əli İbrahimov apelyasiya şikayəti verib.

O, şikayətində qeyd edib ki, həyat yoldaşı 1-ci qrup əlil olaraq yataq xəstəsidır. Onun şikayətinə görə, məlum cinayəti mərhum Nizami Əliyevin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində törədib.

Əli İbrahimov əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza verilməsinə dair qərar çıxarılmasını istəyib.

Əli İbrahimovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Qəzənfər Kərimovun sədrliyi ilə keçirilən prosesdə Əli İbrahimovun şikayəti üzrə qərar elan olunub.

Qərara görə, Əli İbrahimovun şikayəti qismən təmin olunub və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Əli İbrahimovun barəsində yeni hökm elan olunub.

Yeni hökmə əsasən, Əli İbrahimovun Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsüf edilmiş əməli, həmin Məcəllənin120.1-ci maddəsinə tövsüf edilib. Məhkəmə onun cəzasından 1 il çıxıb və onun barəsində qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hacı Zeynalov


Müəllif: