Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan şəxslərin məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş İdris Xəlilov ifadə verib.
İdris Xəlilov bildirib ki, hadisə günü evdə olublar: “Həmin binanın 6-cı mərtəbəsində yaşayırıq. Yanğın zamanı alov bütün binanı bürüdü. Çətinliklə aşağı düşüb, xilas olduq. Evimə ziyan dəyib. Dövlət mənəvi ziyana görə mənə 20 min manat kompensasiya ödəyib. Sənədləşmədə 45 min manat kompensasiya veriləcəyi qeyd edilsə də, hələ də ödəmə baş tutmayıb”.
Feyzulla Bağırov yanğın nəticəsində qardaşı və bacısının yanaraq öldüyünü deyib. O, təqsirləndirilən şəxslərdən 100 min manat təzminat tələb etdiyini açıqlayıb.
Digər zərərçəkmişlər Ədilə Zeynalova, Xanım Məmmədəliyeva, Mələk Hüseynova, Heyvagül Əfəndiyeva, Zöhrə Namətova da şikayətçi olduqlarını bildiriblər.
Heyvagül Əfəndiyeva isə evinə 53 min 400 manat ziyan dəydiyini bildirib.
Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin edilib.
2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 16 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.
Hacı Zeynalov