Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsindəki “Vulkan” motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Binəqədi Polis İdarəsinin 6-cı bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.
Qeyd edək ki, “Vulkan” motelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Motel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib. İlkin məlumatda qadının əyləndiyi kişi tərəfindən bıçaqlandığı qeyd olunsa da, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olundu. Əməliyyat-istintaq tədbirlərindən sonra qətlə yetirildiyi bildirilən Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürüldü.
Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. 2014-cü ilin noyabrın 20-də gecə “Vulkan” motelində hadisə baş verən zaman da Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub.
Hakim Əlisulatan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov