Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirli bilinən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi, 3 ünvanında baş verib. 45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.
Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başından dəmir parçası ilə də dəfələrlə vurub. Nəticədə 43 yaşlı Əbülfət Həbibov hadisə yerində ölüb.
Elxan Həbibov ruhi xəstədir. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həbibovların bir qardaşı bir neçə il əvvəl yaşadıqları mənzilin eyvanından özünü ataraq, intihar edib.
Elxan Həbibov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, ifadəsində evdə qardaşı ilə yola getmədiyini deyib: “Hadisədən əvvəl mənə acı sözlər dedi. Mən də məcbur oldum qardaşımı bıçaqla vurdum”.
Məhkəmədə mərhumun həyat yoldaşə İradə Həbibova zərərçəkmiş şəxs qismində dindirilib. O, Elxan Həbibova ən ağır cəzanın verilməsini istəyib: “Elxan həmişə deyirdi ki, sizi doğrayacam. O, yoldaşımı vuranda qonşu görmüşdü. Yoldaşım Elxana onu öldüməmək üçün yalvarırdı. Məhkəmədən xahiş edirəm ki, Elxana ən ağır cəza verəsiz”.
Məhkəmənin növbəti iclası iyul 21-nə təyin edilib.
Hacı Zeynalov