“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmişlər Ədliyyə Nazirliyinin məhkəmə qərarları və icraçıları idarəsinin Binəqədi rayon icra şöbəsi rəisinə müraciət ünvanlayıblar.
Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.
Müraciətdə qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmünə əsasən Zal Yusifova məxsus əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi öz əksini tapıb: “Bu hökmdən maraqlı şəxs Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına mülki iddiaya aid apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməyib. Qərar elan edildiyi andan qanuni qüvvəyə minib”.
Zərərçəkmişlər bildirirlər ki, Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib: “Zakir Yusifov bir müddətdən sonra şikayətini geri götürməklə ziyanın ödənilməsinə yönəldilmiş əmlakın auksionda satışını təşkil edib ziyan çəkmiş şəxslərə verilməsini süni sürətdə gecikdirir. Gecikdirmənin səbəbi hazırda fəaliyyət göstərən “Humay” şadlıq sarayında pul qazanmasıdır”.
Zərərçəkmişlər müraciətin sonunda Binəqədi rayon icra şöbəsinin rəisindən belə xahiş ediblər: “Biz – zərər çəkmiş vətəndaşlar xahiş edirik ki, 8 ildən artıq müddətdə çəkdiyimiz əziyyəti nəzərə alaraq Zal Yusifovun hökmdə qeyd edilən əmlaklarını siyahıya alasınız və üzərinə həbs qoyasınız. Eyni zamanda əmlakın auksionda satışının həyata keçirilməsini sürətləndirmək üçün aidiyyəti orqanlara müraciət edəsiniz”
Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət edib.
Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.
Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.
Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.
O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.
İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.
Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.