Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Zaur Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Zaur Hidayətov Beyləqan rayonunun Təzəkənd kənd sakini olan Elmira Vəliyeva (ad və soyad şərti verilib) ilə 17 iyul 2014-cü ildə tanış olub.
Həmin vaxt Zaur Tovuz şəhəri, E.Quliyev küçəsində evlərdən birində kirayədə yaşayıb. O, evlənmək məqsədilə Elmiranın iyulun 18-də kirayədə yaşadığı evə gətirib.
Zaur həmin gün axşam Elmira Vəliyevaya cinsi əlaqədə olmağı təklif edib. Bu təkliflə Elmira razılaşıb. Həmin gecə Zaur Elmira Vəliyevanın razılığı ilə cinsi əlaqədə olub.
Gecə yarısını keçəndən sonra, təxminən iyulun 19-da, saat 01.00 radələrində Zaur Elmiraya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib. Elmira buna etiraz edib və müqavimət göstərib.
Elmiranın etiraz etməsini və müqavimət göstərməsini görən Zaur onun müqavimətini sındırmaq qərarına gəlib. O, bu məqsədlə Elmiranı təpiklə vuraraq döyüb.
Zaur Hidayətov Elmiraya müxtəlif dərəcəli bədən xəsarəti yetirib və müqavimətini sındırandan sonra onun hər iki əllərini rezinlə bağlayıb. O, daha sonra Elmira ilə qeyri təbii yolla cinsi əlaqədə olub.
Bundan əlavə Zaur Hidayətov 16 oktyabr 2014-cü il tarixdə, səhər saat 07.00 radələrində qeyri-rəsmi nikahda yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Sima Qurbanovaya qarşı zorakılıq edib. Sima şəxsi münasibətlər zəminində Zaur Hidayətovla münasibətləri gərginləşib.
Bu səbəbdən həmin gün Sima Zaur Hidayətovu evə buraxmayıb. Buna görə də Zaur Hidayətov evin həyətində Simaya təpiklə çoxsaylı zərbələr vuraraq ona xəsarət yetirib.
“Öz xoşu ilə mənimlə gəlib”
Zaur Hidayətov Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Tovuz rayon Məhkəməsində araşdırılıb.
Məhkəmədə ifadə verən Zaur Hidayətov bildirib ki, Beyləqan rayon Təzəkənd kənd sakini Elmira Vəliyeva ilə tanışı Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən Rafiq Yusifovun vasitəsi ilə 2014-cü ilin iyul ayında tanış olub: “17 iyul 2014-cü il tarixdə, saat 20 radələrində Elmiranı Beyləqan rayonu Təzəkənd kəndindən Tovuz şəhərində əvvəllər kirayədə qaldığım Ceyran Mirzəyevanın evinə apardım. Həmin vaxt bizi evin qabağında Ceyran Mirzəyeva qarşıladı və qızın kim olması ilə maraqlandı. Bu zaman Elmira bildirdi ki, öz xoşu ilə mənimlə gəlib”.
“Zorla cinsi əlaqədə olmamışam”
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin günün gecəsi Ceyran Mirzəyeva tərəfindən onlara verilmiş otaqda bir dəfə Elmira ilə onun razılığı əsasında cinsi əlaqədə olub: “Elmira ilə zorla heç bir zaman istər təbii, istərsə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ceyran Mirzəyevanın evində iki gün qalmışıq”.
Zaur Hidayətov bildirib ki, iyulun 19-da, saat 10 radələrində onu Elmira ilə tanış edən hərbiçi Rafiq Yusifov onların yanına gəlib: “Elmira Rafiqdən 50 manat pul istədi. Rafiq Yusifov ona 10 manat, həmçinin Ceyran Mirzəyeva ona yazığı gəldiyindən 10 manat pul verdi. Pulun 10 manatını özüm götürdüm. Saat 11 radələrində Elmira ilə Ceyranın evindən çıxdıq və Rafiq Yusifovun gəlmiş olduğu “VAZ-2106” markalı avtomaşına minərək Tovuz rayon Avtovağzalına gəldik. Rafiq Yusifov mənə dedi ki, arxayın get, qızı aparıb Dondar Quşçu kəndində yaşayan yaxın qoca ər-arvad var, onların yanına qoyacaq ki, mən gələnə kimi həmin şəxslərin yanında qalsın”.
“Rezinlə əllərimi bağladı”
Zərərçəkmiş şəxs qismində dindirilən Elmira Vəliyeva bildirib ki, Zaur onunla evlənmək barədə təklif edib: “Zaurun təklifi ilə onun gəldiyi avtomaşına minərək saat 21 radələrində Tovuz şəhərinə gəldim və birbaşa adını sonradan bildiyim Ceyran adlı şəxsin evinə getdik. Ceyran bizə bir otaq verdi. İyulun 18-də, gecə saat 01 radələrində Zaur Hidayətov mənimlə cinsi əlaqədə oldu. O, bir neçə saatdan sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Lakin bu təklifindən imtina etdim. Zaur Hidayətov məni kürəyimdən, ayaqlarımdan və bədənimin müxtəlif yerlərindən təpiklə vurdu. Məni döyərək əllərimi otaqda olan rezinlə arxadan bağladı və əynimdə olan paltarlarını zorla çıxardı. Zaur zorla mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu”.
“Maşında cinsi əlaqədə olduq”
Elmira Vəliyeva bildirib ki, Ceyranın evində iki gün qalıb: “İyulun 19-da, gündüz saat 11 radələrində məni Zaurla tanış edən Rafiq Yusifov ora gəldi. Onun maşını ilə Zaurla birlikdə Tovuz rayon Avtovağzalına gəldik. Burada Zaur avtobusa minərək Bakı şəhərinə getdi. Mən isə Rafiq Yusifovla bir yerdə qaldım. Sonradan Rafiq Yusifov məni özünün avtomaşını ilə Tovuz rayonu ərazisində tanımadığı bir yerə apardı. Burada öz razılığım ilə Rafiqin avtomaşınında onunla cinsi əlaqədə oldum. Sonra Rafiq məni bir evə gətirdi, özü isə harasa getdi. Həmin evdə bir müddət qaldıqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Sonradan Tovuz rayon polis şöbəsinin əməkdaşları məni həmin yerdən götürdü və polis şöbəsinə gətirdilər. Polis şöbəsində ailə qurmaq məqsədi ilə Zaur Hidayətovla qoşularaq gəldiyim barədə izahat verdim. Lakin polis əməkdaşlarından utandığım üçün əvvəlcə Zaur Hidayətovun mənimlə zorla qeyri-təbii yolla cinsi əlaqədə olmasını deməmişəm və bunu sonralar bildirmişəm. Zaur Hidayətov mənimlə barışmağa cəhd edib. Amma onunla barışmamışam”.
“Dedi ki, Elmiranın valideynləri polisə şikayət edib”
Cinayət işi üzrə şahid qismində dindirilən Rafiq Yusifovun ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Zaur Hidayətovu əvvəllər tanımayıb: “Zaurla ilk dəfə 2014-cü ilin iyul ayında təsadüfən Tovuz rayonu Əlibəyli kəndində yolun kənarında olan kafedə tanış olub. İyul ayında Zaurun Beyləqan rayonuna gedərək Elmiranı gətirməsini yalnız Zaurla Esmira mənə zəng etdikdən sonra bilmişəm. Zaurun mənə dediyi ünvana - Tovuz şəhərində avtomobil keçidinin yaxınlığında dəmiryol xəttinə yaxın olan yerdə yaşayan Ceyran adlı qadının evinə müvəqqəti olaraq gəlmələri barədə məlumat vermişdi. Səhəri günü saat 20 radələrində özümə məxsus olan “VAZ-2106” markalı avtomaşınım ilə Zaurun dediyi ünvana gəldim. Burada ilk dəfə Elmiranı Ceyranın evində gördüm. Həmin evdə Zaurla Elmiradan başqa ev sahibəsi Ceyran arvad olub. Elmira mənə öz xoşu ilə Zaura qoşularaq gəldiyini dedi. Burada Zaur dedi ki, Esmiranın valideynləri Beyləqan polisinə ondan şikayət ediblər, ora getmək lazımdır, amma pulu yoxdur. Mən də 10 manat Zaura verdim”.
“Zaur bir bəhanə ilə Bakıya getdi”
Rafiq Yusifov bildirib ki, Ceyranın evində 1 saata yaxın oturublar: “Sonrada oradan çıxaraq hərbi hissəyə gəldim. Səhəri günü günortaya yaxın vaxtda Zaurla Elmiranın xahişi ilə Ceyran arvadın evinə gəldim. Buradan hər ikisini avtomaşınına mindirərək bazar istiqamətində sürdüm. Tanımadığım bir evin qarşısında Zaur avtomaşını saxlatdı. Zaur evə keçdi və sonra qayıdaraq kiminləsə telefonla danışdı. Bu şəxsin Zaurun qardaşı olduğunu güman etdim. Zaur “qız sənin yanında qalsın, gedib dədəmi Xaçmazdan götürüb barışığa gedəcəm” –deyə bildirdi. Buradan saat 16 radələrində Zaur bu bəhanə ilə Bakı istiqamətində gedən sərnişin avtobusuna minərək getdi. Gedərkən Zaur dedi ki, səhər axşamüstü buradayam”.
“Razılığı ilə maşında cinsi əlaqədə olduq”
Rafiq Yusifov qeyd edib ki, Zaur gedəndən sonra Elmiranı avtomaşını ilə Tovuz rayonu Aşağı Quşçu kəndinin yaxınlığında olan “Köhnə post” deyilən yerə gətirib: “Avtomaşını saxlayaraq aşağı düşdüm və Elmira oturduğu qapıya yaxınlaşaraq qapını açdım və onun yanında əyləşdim. Bu zaman Elmira mənə heç bir söz demədi. Elmiraya mənimlə yaxınlıq etmək istədiyimi dedim. Elmira əvvəl etiraz etdi. Daha sonra əlim ilə Elmiranın bədəninin müxtəlif yerlərinə toxundum və opuşərək, onu ehtiraslandırdım. Elmiranın razılığı ilə maşında içində bir dəfə onunla cinsi əlaqədə oldum”.
“Bilsəydim cinsi əlaqədə olmazdım”
Şahid bildirib ki, cinsi əlaqədə olandan sonra Elmira Zaur Hidayətovun bir neçə gün əvvəl ona qarşı etdiyi zorakı hərəkətlərindən danışıb: “Elmira dedi ki, Zaurun onu Tovuza gətirdiyi gecənin səhərisi günü bir dəfə zorla döyərək arxadan cinsi əlaqədə olub. Həmin vaxtı Elmira yeriyəndə bir az axsamış kimi olmasını gördüm. Ürəyimdə Zauru söyərək “bu nə işdir qızın başına açıb, bunun zibili çıxacaq və axırı yaxşı qurtarmayacaqdır” deyə fikirləşdim. Əgər Elmira mənimlə cinsi əlaqədə olmazdan qabaq bu barədə desəydi, onunla cinsi əlaqədə olmazdım”.
Hökm və narazılıq
Tovuz rayon Məhkəməsinin hökmü ilə Zaur Hidayətov 3 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 100 manat miqdarında cərimə olunub.
Həmin hökmdən narazı qalan Zaur Hidayətov apelyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ona bəraət verilməsini istəyib. Həmçinin zərərçəkmiş Elmira Vəliyeva da apelyasiya şikayəti verərək Zaur Hidayətovun cəzasının ağırlaşdırılmasını istəyib.
4 il cəza
Hər iki tərəfin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda zərərçəkmişin şikayətinin təmin olunması barədə qərar qəbul edib. Qərara görə, Zaur Hidayətovun cəzası 4 ilə qədər artırılıb. Zaur Hidayətovun apelyasiya şikayəti isə təmin edilməyib.
Bu qərardan Zaur Hidayətovun vəkili Zöhrab Əskərov kasasiya şikayəti verib. Vəkil kasasiya şikayətində göstərib ki, müdafiə etdiyi şəxs Elmira Vəliyeva ilə cinsi əlaqədə olmayıb: “Zaur Hidayətov Elmira Vəliyevanı Rafiq Yusifov vasitəsilə tanıyıb. 19 iyul 2014-cü il tarixdə saat 11 radələrində Rafiq Yusifov Zauru və Elmiranı Ceyranın evindən götürüb və avtomobillə Tovuz rayon avtovağzalına gətirib. Zaur oradan Bakı şəhərinə yola düşüb. Zaurun avtobusla Bakı şəhərinə yola düşməsi və Elmiraya pul verməməsi ona pis təsir edib. Nəzərə alınmalıdır ki, Rafiq Yusifov Elmira ilə cinsi əlaqədə olub. Rafiqin onunla digər seksual hərəkətlər etməsi istisna deyil. Zaur Hidayətovun Elmiraya qarşı seksual xarakterli hərəkətlər etməsi barədə ev sahibi Ceyran Musayevaya, Rafiq Yusifova şikayət etməyib. Belə olan halda Zaurun bu hərəkətləri etmədiyinə dəlalət edir”.
Vəkil kasasiya şikayətinin sonunda Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarının ləğv edilməsini, Zaur Hidayətova Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə bəraət verilməsini istəyib.
Vəkilin kasasiya şikayəti Ali Məhkəmədə, hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Zaur Hidayətovun vəkilinin kasasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov