Bakı Apelyasiya Məhkəməsində Aydın Rüstəmovun barəsində olan cinayət işi üzrə qərardan Baş Prokurorluğun verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, 2013-cü ili mayın 16-da Nərimanov rayonu, Ənvər Qasımzadə küçəsi, 72 saylı binanın qarşısında əvvəllər məhkum olunmuş Şahvələd İmanov “Şəms” MMC-nin rəhbəri Mirəli Həqzadəyə hücum edərək ona 23 bıçaq zərbəsi vurmaqla ağır yaralayıb və hadisə yerindən qaçıb.
Yaralı Kliniki tibbi mərkəzə çatdırılsa da, kəskin qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumatla əlaqədar hadisə yeri Nərimanov RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunmaqla, müvafiq qan nümunələri və digər əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Şahvələd İmanov cinayəti törədəndən sonra yaşadığı Göygöl rayonuna qaçsa da, mayın 27-də həbs edilib, axtarış zamanı onun evində “TT” markalı tapança və 16 ədəd patron aşkar edilib. İmanovun vermiş olduğu ifadələr nəticəsində qətlin Aydın Rüstəmov tərəfindən sifariş verilməsi məlum olub.
Məhkəmə prosesində Aydın Rüstəmov ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, aprel ayında iş ortağı olan Mirəli Həqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olduğunu öyrənib. Bundan sonra araşdırmalar aparan Aydın Rüstəmov daha dəhşətli faktlarla qarşılaşıb və Mirəli Həqzadəni rüsvay etmək qərarına gəlib. O, tanışı Şahvələd İmanova 70 000 manat pul verəcəyini vəd edib və tapşırıb ki, o Mirəli Həqzadəni rüsvay etsin. İş üzrə ifadə verən Şahvələd İmanov Mirəli Həqzadəni əvvəllər tanımadığını və onunla ədavəti olmadığını bildirib, günlərin bir günü tanışı Aydın Rüstəmov baş verən hadisəni ona danışaraq həmin adamı cəzalandırmaq istədiyini deyib. İmanov Həqzadənin üzünə çoxsaylı xəsarətlər yetirmək qərarına gəlib.
Şahvələd aldığı sifariş əsasında mütəmadi olaraq Mirəlini güdməyə başlayıb, evdən çıxdığı və qayıtdığı vaxtları müəyyən edib.
Mayın 16-da o Həqzadənin idarə etdiyi “Toyota Prado” markalı avtomaşınla yaşadığı evin həyətinə gəldiyini görüb, buna görə əlverişli məqam taparaq onun üzərinə hücum edib. Şahvələd üzərində olan bıçaqla İmanovun sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb, sonradan eşidib ki, vurduğu şəxs xəstəxanada ölüb.
Keçirilən ekspertizanın rəyi ilə müəyyən edilib ki, Aydın Rüstəmov hazırda anlaqsızdır və barəsində tibbi xarakterli tədbirlər tətbiq olunması barədə qərar çıxarılıb. Onun cinayət işi Şahvələd İmanovun işindən ayrılıb.
Aydın Rüstəmovun barəsində anlaqsız olması ilə bağlı qərardan Baş Prokurorluq apelyasiya protesti verərək ittiham hökmünün çıxarılmasını istəyib. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Süleymanova da apelyasiya şikayəti verib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə prokuror vəsatətlə çıxış edib. Prokuror Aydın Rüstəmovun anlaqsız olub-olmaması ilə bağlı Məhkəmə Tibbi Ekspertizasının təyin edilməsini istəyib.
Məhkəmə prokurorun vəsatətini təmin edib və işi ekspertiya göndərib.
Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə Aydın Rüstəmovun barəsində təyin edilmiş ekspertia açıqlanıb. Hər dəfə də ekspertlər Aydın Rüstəmovun anlaqsız olması nəticəsinə gəliblər.
Hacı Zeynalov