Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Həsənağa Babayev, Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov, Şəhadət Cəfərov, Səbuhi Qazıyev, Ramşan Rzayev və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, 7 iyul 2011-ci il tarixdən “Atrabank” ASC Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Həsənağa Babayev tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Səhadət Cəfərovdan, Səbuhi Qazıyev isə Ramşan Rzayev və Elvin Əsgərovdan ibarət mütəşəkkil dəstələr yaradıblar. Həsənağa Babayev 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik edib.
Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilib. Ümumilikdə külli miqdar təşkil edən 1.270.884.46 manat məbləğində vergi dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Qeyd edək ki, ötən ilin sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rasim Sadıqovun sədrliyi ilə məhkəmə prosesi başlayıb. Amma həmin vaxt bəzi məsələlərlə bağlı iş yenidən ibtidai istintaqa qaytarılıb.
Yenidən dəstə üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilib və iş yenidən məhkəməyə göndərilib.
Bu dəfə cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Bu gün keçirilən cinayət işi üzrə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin hazırlıq iclası avqustun 9-da davam etdiriləcək.
Hacı Zeynalov