Dələduzluqda təqsirli bilinən Balakən rayon sakini, 1975-ci il təvəllüdlü Məhəmməd Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Məhəmməd Mustafayev aldatma və etibardan sui-istifadə yolu ilə gəlir əldə etmək qərarına gəlib.
O, 26 iyul 2013-cü il tarixdə Balakən şəhərində Ramin Osmanovun adına “Mol bulak” BOKT-dan (bank olmayan kredit təşkilatından) nağd pul götürüb. Məhəmməd pulu həmin təşkilata özünün ödəyəcəyinə inandırıb. Bundan başqa, həmin il iyulun 31-də Osman Abdullayevin adına “Mol bulak” BOKT-dan kredit yolu ilə nağd pul götürərək ona qarşı da dələduzluq əməli törədib. O, Balakən rayon sakinləri - Şümeysət Abdullayevaya 3000, Həsən Abdullayevə 3000, Məryəm Qasımovaya 3000, Müzamiddin Əhmədova 3000, Ramiz Hobolova 2500, Nuranə Ölkəliyevaya qarşı isə 500 manat miqdarında dələduzluq edib.
Balakən Rayon Məhkəməsində ifadə verən Məhəmməd Mustafayev bildirib ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olub və zərərçəkmişlərin adına götürdüyü pulları sahibkarlıq fəaliyyətinə sərf edib. Amma müflis olduğu üçün pulu ödəyə bilməyib.
Zərərçəkmişlər Məhəmməd Mustafayevdən şikayətçi olmadıqlarını, onun əleyhinə ibtidai istintaq zamanı zorla ifadə alındığını bildiriblər. Onlar qeyd ediblər ki, Məhəmməd Mustafayevlə aralarında olan pul mübahisəsini mülkü qaydada həll edəcəklər.
İstintaq orqanı Məhəmməd Mustafayevi Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edib. Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhəmməd Mustafayev apelyasiya şikayəti verib.
Bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsi Məhəmməd Mustafayevin apelyasiya şikayətini təmin etməyib.
Məhəmməd Mustafayev Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhəmməd Mustafayevin verdiyi kasasiya şikayəti təmin edilib.
Məhəmməd Mustafayevin barəsində Şəki Apelyasiya Məhkəməsinin qərarı bəraətverici əsaslarla ləğv edilib və iş yenidən apelyasiya instansiyasına qaytarılıb.
Şəki Apelyasiya Məhkəməsində bu dəfə iş hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Yeni hökmə əsasən, Məhəmməd Mustafayevin əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmü çıxarılıb. Seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov