Bu gün Bakı Apelyasiya Məhkəməsində müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun məhkəməyə gətirilmədiyi məlum olub.
Bildirib ki, Mehman Səlimov saxlanıldığı cəza müəssisəsindən Bakı istintaq təcridxanasına etap olunmayıb. Cəza müəssisəsinə məhkəmənin məktubu gec çatıb və bu səbəbdən Mehman Səlimovu məhkəməyə gətirmək mümkün olmayıb. Bu səbəbdən proses baş tutmayıb və məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğ Mehman Səlimovdan tutulacaq.
Hökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib və nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb. Qeyd edib ki, nazirlikdə tikinti ilə bağlı ayrılan pullardan bir manat da pul mənimsənilməyib. Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Hacı Zeynalov