Bu gün Bakı Apelyasiya Məhkəməsində “Sovetski” sakinlərinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Nazim Səmədov, Asif Hacı İsmayılov və Orxan Fərhadovun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin işinə yenidən baxılır.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Digər iki nəfər - Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində 6 il şərti cəza tətbiq edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla məhkəmə zalından azad olunublar.
Qeyd edək ki, Nazim Səmədov, Asif Hacı İsmayılov və Orxan Fərhadovun vəkilləri apelyasiya şikayəti verərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Asif Hacı İsmayılov və Orxan Fərhadovun həbs edilməsini istəyib.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində olan şərti cəza ləğv edilib və onlar məhkəmə zalından həbs edilib.
Bundan sonra müdafiə tərəfi Ali Məhkəməyə kasasiya şikayəti verib. Kasasiya şikayətinə baxan hakim heyəti Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərara qəbul edib.
Nazim Səmədovun vəkili İradə Cavadova Teleqraf.com-a bildirib ki, kasasiya şikayətləri Ali Məhkəmə tərəfindən təmin edilib: “Birinci instansiya məhkəməsi tərəfindən bu işdə iki nəfərə şərti cəza verilib. Amma apelyasiya instansiyasında onların barəsində həbs qərarı çıxarılıb.
Buna səbəb Orxan Fərhadovun və Asif Hacı İsmayılovun məhkəməyə gəlməməsi olub. Amma həmin vaxt Asif Hacı İsmayılov məhkəməyə həkim arayışı gətirmişdi ki, o, xəstəxanada yatıb. Amma buna baxmayaraq həmin vaxt hakim onların barəsində həbs qərarı çıxarmışdı. Ali Məhkəmə apelyasiya instansiyasının qərarını ləğv etsə də, birinci instansiya məhkəməsi tərəfindən həbs olunan həmin hər iki şəxs həbsdə saxlanıldı. Amma onlar həbsdən azad edilməli idilər. Çünki Ali Məhkəmə onların barəsində çıxarılan qərarı ləğv etmişdi”.
İradə Cavadovanın sözlərinə görə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi sübuta yetirilməyib. Vəkil qeyd edib ki, bu gün keçirilən prosesdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının məhkəmədə dindirilməsi barədə vəsatət verib: “Birinci instansiya məhkəməsində də icra başçısının dindirilməsi ilə bağlı vəsatət vermişdim. Amma həmin vaxt məhkəmə vəsatətimi təmin etməmişdi. Hesab edirəm ki, icra başçısının bəzi məqamlara aydınlıq gətirilməsi üçün məhkəməyə gəlməsi vacibdir. Hakim bununla bağlı vəsatətə münasibət bildirmədi və vəsatətlə bağlı qərarı növbəti məhkəmədə elan edəcəyini bildirdi”.
İradə Cavadova bildirib ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi yoxdur və onların barəsində olan cinayət işinə xitam verilməlidir.
Məhkəmə iclası avqustun 11-də davam edəcək.
Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb.
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər. Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar. Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini “Sovetski” sakinlərinə guya 380 manata satmağı nəzərdə tutublar. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də, onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib.
Hacı Zeynalov