Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində və tabe qurumlarda əməliyyat işinin gücləndirilməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Teleqraf.com xəbər verir ki, Penitensiar xidmətin Baş idarəsi, cəzaçəkmə müəssisələri və Bakı İstintaq təcridxanası əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri axtarış-baxış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt qeydə alınıb.
Belə ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Musa Bayramova qardaşı Abşeron rayonu sakini Mahir Bayramov tərəfindən göndərilmiş banderola baxış keçirilib.
Baxış zamanı içərisində idman şalvarının gizli saxlanc yerinə tikilmiş 0,470 qram narkotik vasitə hesab olunan heroin və 0,926 qram limon duzu aşkar edilərək götürülüb.
Növbəti iki fakt avqustun 3-də qeydə alınıb. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək həbs olunmuş Abbas Məmmədov Bakı İstintaq təcridxanasına qəbul olunan zaman üzərinə baxış keçirilərkən xüsusi üsulla gizlətdiyi narkotik vasitə olan 0,140 qram heroin və 3,590 qram tiryək aşkar edilib.
Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Rövşən Nəsirovun Bakı İstintaq təcridxanasına qəbul edilərkən üzərində axtarış-baxış tədbiri keçirilib və düz bağırsağında gizlətdiyi sellofan bükülüdə ümumi çəkisi 3,4 q olan 17 ədəd tramadol dərman həbi aşkar edilərək götürülüb.
Narkotik vasitələrin və psixotrop maddələrin penitensiar müəssisələrə ötürülməsi ilə əlaqədar aşkar olunmuş 8 fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim edilib.
Hazırda gücləndirilmiş rejim və axtarış-baxış tədbirləri davam etdirilir.
Hacı Zeynalov