Bir sıra telekanallarda kriminal rubrikanın aparıcısı olmuş Azər İsrafilov həbsdən azad olunması üçün məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Azər İsrafilov vaxtından əvvəl şərti cəza ilə həbsdən azad olunması üçün Xəzər rayon Məhkəməsinə ərizə yazıb.
Azər İsrafilovun ərizəsi hakim Zeynəb Axundovanın icraatına verilib. Redaksiyaya müraciət edən Azər İsrafilovun bildirdiyinə görə, 20 gündən artıqdır ərizəsi hakimin icraatındadır, amma hakim ərizəyə baxılıb-baxılması ilə bağlı qərar qəbul etməyib: “Mənim həbsdən vaxtından əvvəl azad olunmağım üçün qanuni və hüquqi maneə qalmayıb. Çünki cəza çəkdiyim müddətdə hər hansı əlavə cəza almamışam. Həmişə müsbət xarakterizə olunmuşam. Bütün bunlar əsas verir ki, vaxtından əvvəl şərti cəza ilə azad olunum. Amma nədənsə məni həbsdən azad etmirlər”.
Azər İsrafilov dələduzluq cinayəti törətsə də, dəymiş ziyanı zərərçəkmişə tam ödəyib. Zərərçəkmişin ondan şikayəti yoxdur. Amma Bakı şəhər Prokurorluğunun dövlət ittihamı idarəsi Azər İsrafilovun azadlığa çıxmasına müsbət rəy vermək istəmir.
Bundan başqa, bu il iyunun 1-də Prezident İlham Əliyevin sərəncamı ilə iqtisadi amnistiya élan edilib. Həbsdə olan jurnalist bu amnistiyaya da düşə bilər. Cəzasının üçdə birini çəkmiş Azər İsrifailov deyir ki, ona bu amnisitaya da şamil olunmur.
Azər İsrafilov bir neçə dəfə əfv üçün Prezident İlham Əliyevə də müraciət ünvanlayıb. Məhbəsdə olan jurnalist işinə düzgün baxılması üçün yenə də prezidentdən kömək istəyir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan tele-aparıcı məhkəmə zalında həbsə alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azər İsrafilovun cəzasını 3 ilə endirib. Ali Məhkəmə isə onun kasasiya şikayətini təmin etməyib.
Azər İsrafilov 2014-cü ilin may ayından həbsdədir. 2 il 2 aydır həbsxana həyatı yaşayan jurnaslitin cəzası tam olaraq 2017-ci ilin may ayında başa çatacaq.
Azər İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Buna səbəb 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manat pulun əvəzinə 11 min 500 manat qaytarması olub. O, məhkəmə araşdırması dövründə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyib. Bu səbəbdən də zərərçəkmiş şikayətindən imtina edib.
Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib. Sonuncu dəfə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib.
Hacı Zeynalov