Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşa məxsus iki ədəd polietilen konfet paketlərində, konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsir edən maddə - “Tramadol” aşkar olunaraq götürülüb.
“Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 690 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 138 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.