Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 78 yaşlı anasını döyərək öldürməkdə təqsirli bilinən İqor Avşarovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu il aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovun üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti mənzilində tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub.
Müəyyən edilib ki, xeyli vaxtdır, yataq xəstəsi olan Lidiya Avşarov oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş.
Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov