Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynov sədrliyi ilə keçən prosesdə Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.
O, cinayət işində Orxan Bəkirovun çəkdiyi videogörüntünün sübut kimi qeyd edildiyini bildirib. Vəkil həmin videogörüntünün sübutlar siyahısından çıxarılmasını, bir neçə şəxsin məhkəmədə ifadə verməsini istəyib.
Daha sonra vəkil istintaqda mərhum İlhamə Quliyevanın 2 milyon 707 min manat pulu olması göstərildiyini qeyd edib. O, bildirib ki, bu fakt düzgün araşdırılmayıb.
Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyiblər. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittihamla Mehriban Hüseynova özünü təqsirli bilməyib.
Məhkəmə prosesi avqustun 30-da davam edəcək.
Mərhum xalq artisti İhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Hacı Zeynalov