İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin kasasiya şikayətləri əsasında məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanla bağlı məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.
Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Qurbanov 14, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib. Bundan sonra təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onların kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.
Hacı Zeynalov